Q.Gül 1909-cu il dekabrın 31-də Şamaxı şəhərində anadan olmuşdur. 1933-cü ildə Leninqrad Dəniz Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirmişdir. Q.Gül 1947-ci ildə coğrafiya üzrə fəlsəfə doktoru, 1951-ci ildə coğrafiya üzrə elmlər doktoru elmi dərəcələrini və professor elmi adını almış, 1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) müxbir üzvü seçilmişdir. Q.Gül 24 yaşında Bakı Dəniz Texnikumuna (indiki Azərbaycan Dövlət Dəniz Akademiyası) ilk azərbaycanlı rəis təyin edilmişdir. O, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) Fiziki coğrafiya kafedrasının müdiri, 1954-1957-ci illərdə həmin universitetin elmi işlər üzrə prorektoru vəzifələrində işləmişdir. 1957-1962-ci illərdə AEA Coğrafiya İnstitutunun direktoru, Xəzər problemləri bölməsinin rəhbəri vəzifələrində çalışmışdır. Q.Gül Azərbaycan Dövlət Universitetinin Coğrafiya kafedrasında dərs demiş, həm də tədris və elmi hissə üzrə prorektor köməkçisi (1938-1941) vəzifələrində çalışmışdır. Müharibə illərində o, SSRİ Xalq Müdafiə Komitəsinin rabitə kurslarının siyasi rəhbəri olmuş (1941-1942), yerli sənayeyə rəhbərlik etmiş, Azərbaycan SSR Balıq Sənayesi Xalq Komitəsinin flaq-şturmanı təyin edilmişdir. Q.Gül Azərbaycanda okeanologiya məktəbinin banisi, Azərbaycanda ilk coğrafiya elmləri doktoru, coğrafiya sahəsində ilk professor, AEA-nın ilk coğrafiyaçı müxbir üzvü, ilk Xəzərşünas-okeanoloq olmuşdur. Xəzər dənizinin hidrologiyası ilk dəfə professor Q.Gülün doktorluq dissertasiyasında və bir sıra monoqrafiyalarında dərin təhlil olunmuşdur. Q.Gül 100-dən artıq elmi əsərin və 5 tədris kitabının müəllifidir. Azərbaycanda fiziki coğrafiya üzrə ilk orta məktəb dərsliyi onun tərəfindən hazırlanmışdır. «Xəzər dənizi», “Qızılağac körfəzinin coğrafiyası», «Dənizdə neft mədənləri rayonlarının coğrafiyası», «Xəzərin qərb sahillərində dalğaların rejimi və dinamikası», «Meteorologiya və iqlimşünaslıq» kimi elmi əsərlərin müəllifidir. Q.Gülün Azərbaycanda coğrafiya elminin inkişafında, xüsusilə Xəzər dənizi problemlərinin elmi həlli məsələsində dəyərli xidmətləri olmuşdur. 1959-cu ildə Nyu-Yorkda keçirilən okeanoloqların 1-ci Ümumdünya Qurultayında və 1960-cı ildə İsveçin Stokholm şəhərində beynəlxalq konfransda məruzələrlə çıxış etmişdir. Q.Gülün Azərbaycanda coğrafiyaşünas alim kadrların hazırlanmasında xidmətləri böyükdür. O, milli dənizçi kadrlarının hazırlanması üçün Bakı Dəniz Texnikumu (indiki Azərbaycan Dövlət Dəniz Akademiyası) tarixində ilk dəfə türk (Azərbaycan) dilində tədris qrupunu yaratmışdır. Doğma dildə dərs vəsaitlərinin olmadığı üçün o, rus dilindən “Naviqasiya”, “Dəniz praktikası”, “Dəniz astronomiyası” və s. kitabları tərcümə edərək əlyazması şəklində tələbələrə çatdırmışdır. 1957-1972-ci illərdə keçmiş SSRİ Elmlər Akademiyası Okeanoqrafiya İnstitutu Aral-Xəzər Bölməsinin və AEA-nın Xəzər Komissiyasının (1953-1972), 1958-1970-ci illərdə isə Azərbaycan SSR Coğrafiya Cəmiyyətinin sədri olmuşdur. Q.Gül "Şərəf nişanı" ordeni ilə təltif olunmuş, bir çox diplom və fəxri adlara layiq görülmüşdür. Onun şərəfinə adlandırılmış “Professor Gül” bərəsi 1986-cı ildən Xəzər dənizində üzür. AMEA-nın müxbir üzvü Qasım Gül 1972-ci ildə Bakıda vəfat etmişdir. |
|
(1909-1972) |