Xeyirov Məmməd Bəy oğlu

M.Xeyirov 1925-ci ildə Xaçmaz rayo­nunun Susay-Qışlaq kəndində anadan ol­muş­dur. M.Xeyirov 1949-cu ildə Azərbaycan Dövlət Uni­ver­sitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika-riyaziyyat fakültə­sini fizika ixtisası üzrə bitirmişdir.

M.Xeyirov 1964-cü ildə fizika-riyaziy­yat üzrə fəl­səfə doktoru, 1975-ci ildə geo­lo­giya-minera­logiya üzrə elmlər doktoru elmi dərəcələrini almış, 2001-ci ildə isə Azərbay­can Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü seçilmişdir.

M.Xeyirov 1941-1944-cü illərdə Xaçmaz rayon orta məktəbində fizika və riya­ziyyat fənlərindən dərs demişdir. 1949-1951-ci illərdə Azərbaycan Dövlət Univer­sietinin Rent­­gen­-struktur analiz labora­tori­yasında laborant, baş labo­rant və labo­ratoriya müdiri vəzi­fələrində işləmişdir. 1951-1957-ci illərdə Bakı Rabitə Elektro­texnikumunda fizika və riyaziyyat müəl­limi vəzifəsində çalış­mışdır. M.Xeyirov elmi fəaliyyətə 1957-ci ildə Azərbaycan Dövlət Neft­çıxarma İnstitutunda böyük mühən­dis vəzifəsində başlamış­dır. O, bu insti­tutun Litologiya laboratoriyasının nəzdin­dəki Süxurların fiziki üsullarla tədqiqi bölməsində axtarış-kəşfiyyat quyularından kern nümunələrinin rent­gen quruluş təhlili ilə tədqiqatlar aparmışdır. Onun elmi işləri Azərbaycanın neftli-qazlı rayonlarında mezo-kaynozoy çöküntülərinin gilləri və gil mine­rallarının tərkibinin, quruluş xüsusiy­yətlərinin, genezisinin, həmçinin onların məkan və zamanca yayılma uyğunluqlarının müəyyənləşdirlməsinə və alınmış  nəticə­lərin neft geologiyasının  əməli məsələlərinin  həllinə yönəldil­mişdir.

Azərbaycanın neftli-qazlı lay dəstələrində (məhsuldar qat çöküntülə­rin­də və May­kop lay dəstəsində) gil minerallarının paylanma qanunauyğun­luq­larını əks etdirən xəritələr ilk dəfə M.Xeyirov tərəfindən tərtib edilmiş­dir. M.Xeyirov elmin bu sahəsi­ndə respublikanın inkişafında xüsusi xid­mət­ləri olan yeganə mütə­xəs­sis olmuşdur. Onun bu sahədəki müvəffəqiy­yətləri hər şeydən əvvəl elementar kristal qəfəsinə 60 atomun daxil olduğu çox mürəkkəb quruluşlu mineralın simmetriya mərkəzinə malik olmayan “rinkitin” kristal quruluşunun tədqiqi ilə əlaqədardır. 

M.Xeyirov Azərbaycanın mezo-kaynozoy çöküntüləri ilə yanaşı, bir sıra digər regionların süxurları və çöküntülərinin litologiya və mineralogi­yasının tədqiqi ilə də məşğul olmuşdur.

Bir sıra rus alimləri ilə birlikdə Aralıq, Baltik, Ağ, Barens və Xəzər dənizlərinin müasir dövr (qismən də Dördüncü dövr) çöküntülərində gil mineralla­rının pay­lanma qanunauyğun­luq­larını əks etdirən xəritələr onun apardığı mineraloji təd­qiqatlara əsasən tərtib edilmiş və onların toplanma şəraiti ilə əlaqəsi müəyyən­ləş­dirilmişdir. Həmin xəritə­lər “Litologiya və faydalı qazıntılar” və “Okeano­lo­giya” jurnallarında dərc olunmuşdur.

M.Xeyirov 370 dərc olunmuş elmi əsərin, o cümlədən 8 monoqrafiya (həm­müəl­liflərlə) və 2 ixtiranın müəllifidir. O, «Azəbaycan neft təsərrüfatı» jurnalı­nın redak­siya heyətinin üzvü olmuş və 2004-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının qərarı ilə Respublikanın Neft və qaz sənayesinin inkişafındakı xüsusi xidmətlərinə görə Fəxri Fərmanla təltif olunmuşdur.

AMEA-nın müxbir üzvü Məmməd Xeyirov 2008-ci ildə Bakıda vəfat etmişdir.

 (1925-2008)