Qurbanov Afad Məmməd oğlu

Azərbaycan Milli Elmlər Aka­de­mi­ya­sı­nın müxbir üzvü Afad Məmməd oğlu    Qur­ba­nov 10 yanvar 1929-cu ildə qədim Borça­lının Qızıl Şə­fəq kəndində anadan olmuşdur.

A.Qurbanov orta təhsilini Qızıl Şəfəq və İlməzli kənd məktəblərində almışdır. Müharibə illərindəki kadr qıtlığı, habelə onun savadı və təşkilatçılıq bacarığı nəzərə alınaraq 1945-ci ildə 16 yaşlı yeniyetmə Qızıl Şəfəq yeddiillik məktəbin direktoru və Azərbaycan dili  müəllimi təyin edilmişdir. Məhz həmin ildən A.Qurbanov peda­qoji fəaliyyətə başlamışdır. 1946-1948-ci illərdə Gürcüstan Müəllimlər İnstitutun­da təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir.

Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsinə daxil olmuş və 1951-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək 1950-ci illərdən eti­ba­rən Azər­bay­can Pe­daqoji Univer­si­te­tin­də Filologiya fa­kül­tə­sinin dekan müa­vini, de­ka­nı, Azər­­baycan dilçiliyi kafedra­sının mü­diri vəzifələrində çalışmışdır.

A.Qurbanov 1981-1989-cu illər­də Azərbaycan Pedaqoji İnstitutu­nun (in­di­ki Azər­baycan Dövlət Pedaqoji Universiteti) rek­toru olmuş, 1979-cu ildən baş­la­ya­raq öm­rünün sonuna qədər Azərbaycan dilçiliyi ka­fedrasının müdiri və­zifəsində çalış­mışdır. 1990-1994-cü il­lər­də Milli Məclisin üzvü olan alim əlifba islahatının təşkilat­çı­­la­rın­dandır. Azərbaycan Peda­qoji İnsti­tutunda fi­lo­­logiya və pedaqogika elm­lə­ri üzrə mü­dafiə şurasının sədri olmuşdur.

Aspirantlıqdan Azərbaycan Milli Elmlər Aka­demiyasının müxbir üz­v­lüyünə (1983) qə­dər şərəfli bir tədqiqatçı yo­lu keçən A.Qur­ba­nov 1962-ci ildə pro­fessor Ə.Dəmirçiza­dənin rəh­bərliyi ilə «Səməd Vurğunun «Vaqif» pye­si­­nin dili və üslubu» mövzusunda na­mi­zəd­lik, 1968-ci ildə «Müasir Azər­baycan ədə­bi dili» mövzusunda doktorluq dissertasi­yası mü­dafiə et­mişdir. Azərbaycan dil­çiliyində onomalogiya A.Qurbanovun adı  ilə bağlıdır. Onun onomalogiyaya dair 100-ə qədər mə­qaləsi, «Azərbaycan onomas­ti­ka­sı», «Azərbaycan onomalogi­yası məsə­lə­ləri», «Poetik onomasti­ka», «Azərbay­can di­li­nin onomalogiyası» kimi san­ballı mono­qra­fi­ya­­ları çap olunmuşdur. Azərbaycan dilçiliyi ta­rixində ilk dəfə olaraq antroponimlərin in­ki­şaf dövr­lərini müəyyənləşdirən, hər bir döv­rün səciyyəvi cəhətlərini konkret dil fakt­ları ilə əsaslandıran da məhz o olmuşdur. A.Qurbanovun Azərbaycan Onomastika Məktəbinin, Onomastika Elmi Cəmiyyətinin və «Onomastika» Elmi jurnalının yaradıcısı və təsisçisi kimi xidmətləri böyükdür.

Elmi yaradıcılığa «Şagirdlərin ya­zılı və şi­­fahi nitqlərindəki yerli şivə qa­lıq­larına qarşı mü­­­barizə» adlı mə­qalə ilə başlayan yorulmaz təd­­­­qiqatçı Azərbay­canda və bütün türk dünya­sın­da «Dilçiliyin sistemi», «Dilçiliyin tarixi», «Müa­sir Azərbaycan ədəbi di­li», «Bədii mət­nin linqvistik təhli­li», «Azərbaycan ono­mas­ti­ka­sı», «Azər­bay­can dilinin ono­ma­lo­gi­ya­sı», «Ümu­­mi dilçilik» (I-II cildlər), «Dünyanın dil ailələri»  və s. kimi sanballı əsərləri ilə məş­­­hurdur.

A.Qurbanovun elmi fəaliyyəti yüksək qiymətləndirilərək ona 1981-ci ildə Azər­bay­can SSR Əməkdar elm xadimi fəxri adı verilmişdir. Görkəmli alim «Azər­baycan dilinin onomastikası» monoqrafiyasına görə Azərbaycan Respub­likası Dövlət Müka­fatına layiq görülmüşdür.

AMEA-nın müxbir üzvü Afad Qur­ba­nov 26 sentyabr 2009-cu ildə Bakıda vəfat etmişdir.

(1929-2009)