Rəhimov Mikayıl İsmayıl oğlu

Mikayıl Rəhimov 1930-cu ildə Naxçıvan MR Şərur rayonunun Tumaslı kən­dində anadan olmuşdur. 1953-cü ildə akademik Pryanişnikov adına Perm Kənd Təsərrüfatı İnstitutunun Zootexnika fakültəsinə daxil olmuşdur. M.Rəhi­mov 1961-ci ildə Perm Kənd Təsərrüfatı İnstitutunun aspiranturasına daxil olmuşdur. Xüsusi zootexnika ixtisası üzrə 1964-cü ildə aspiranturanı qurtarmış “Seksun malının südlük və ətlik keyfiyyətləri” mövzusunda namizədlik disser­tasiyası mü­dafiə etmişdir. 1970-ci ilə kimi Tümen Kənd Təsərrüfatı İnstitutun­da dosent, ka­fed­ra müdiri və zootexnika fakültəsində dekan vəzifəsində işlə­miş­­dir. 1970-ci ildən 1987-ci ilə kimi Sibir Elmi Tədqiqat Layihə Texnoloji Hey­van­darlıq İnstitu­tunun Ətlik maldarlıq şöbəsində müdir vəzifəsində çalışmışdır.

Mikayıl Rəhimov 1985-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1986-ci ildə ona professor elmi adı verilmişdir. M.Rəhimov Sibirdə iribuynuzlu qaramal fermalarının yeni­dən qurulması əsasında, heyvandarlıq məhsulları istehsalının səmərəli texno­lo­giyasının hazırlanması və tətbiqinə görə bir qrup müəlliflərlə birlikdə 1985-ci ildə dövlət mükafatı almışdır. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

1987-ci ildə akademik F.Ə.Məlikov adına Azərbaycan Elmi Tədqiqat Hey­van­darlıq İnstitutuna rəhbər təyin olunmuşdur. Onun elmi rəhbərliyi altında bir nəfər doktorluq və 14 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir.

M.Rəhimov 1991-ci ildə RKTEA-nın müxbir üzvü seçilmişdir. 150-dən çox mə­qalənin, o cümlədən 3 kitabın müəllifidir. O, Azərbaycana gəti­rilən və yetişdi­rilən damazlıq südlük, südlük-ətlik və ətlik cinslərinin hamısının məhsul­darlıq göstəricilərinin xarakterizə etmiş, sanballı elmi-kütləvi vəsait hazırlamış­dır. M.Rə­himov Hollandiyalı mütəxəssislərə Azərbaycanda heyvan­dar fermerlər üçün süni mayalandırma texniklərinin hazırlanması işində kömək göstərmiş, onların sahə mütəxəssisi kimi formalaşmasında xidmətləri olmuşdur.

AMEA-nın müxbir üzvü Mikayıl Rəhimov 2004-cü ildə Bakıda vəfat etmişdir.

(1930-2004)