Mikayıl Rəhimov 1930-cu ildə Naxçıvan MR Şərur rayonunun Tumaslı kəndində anadan olmuşdur. 1953-cü ildə akademik Pryanişnikov adına Perm Kənd Təsərrüfatı İnstitutunun Zootexnika fakültəsinə daxil olmuşdur. M.Rəhimov 1961-ci ildə Perm Kənd Təsərrüfatı İnstitutunun aspiranturasına daxil olmuşdur. Xüsusi zootexnika ixtisası üzrə 1964-cü ildə aspiranturanı qurtarmış “Seksun malının südlük və ətlik keyfiyyətləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1970-ci ilə kimi Tümen Kənd Təsərrüfatı İnstitutunda dosent, kafedra müdiri və zootexnika fakültəsində dekan vəzifəsində işləmişdir. 1970-ci ildən 1987-ci ilə kimi Sibir Elmi Tədqiqat Layihə Texnoloji Heyvandarlıq İnstitutunun Ətlik maldarlıq şöbəsində müdir vəzifəsində çalışmışdır.
Mikayıl Rəhimov 1985-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1986-ci ildə ona professor elmi adı verilmişdir. M.Rəhimov Sibirdə iribuynuzlu qaramal fermalarının yenidən qurulması əsasında, heyvandarlıq məhsulları istehsalının səmərəli texnologiyasının hazırlanması və tətbiqinə görə bir qrup müəlliflərlə birlikdə 1985-ci ildə dövlət mükafatı almışdır. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 1987-ci ildə akademik F.Ə.Məlikov adına Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutuna rəhbər təyin olunmuşdur. Onun elmi rəhbərliyi altında bir nəfər doktorluq və 14 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir. M.Rəhimov 1991-ci ildə RKTEA-nın müxbir üzvü seçilmişdir. 150-dən çox məqalənin, o cümlədən 3 kitabın müəllifidir. O, Azərbaycana gətirilən və yetişdirilən damazlıq südlük, südlük-ətlik və ətlik cinslərinin hamısının məhsuldarlıq göstəricilərinin xarakterizə etmiş, sanballı elmi-kütləvi vəsait hazırlamışdır. M.Rəhimov Hollandiyalı mütəxəssislərə Azərbaycanda heyvandar fermerlər üçün süni mayalandırma texniklərinin hazırlanması işində kömək göstərmiş, onların sahə mütəxəssisi kimi formalaşmasında xidmətləri olmuşdur. AMEA-nın müxbir üzvü Mikayıl Rəhimov 2004-cü ildə Bakıda vəfat etmişdir. |
|
(1930-2004)
|