Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Azadə Cəfər qızı Rüstəmova 1932-ci il iyulun 18-də Bakı şəhərində anadan olmuşdur.
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini (1951) bitirmiş, keçmiş SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspirantı (1953-1956) olmuşdur. Filologiya üzrə namizədlik (1956), doktorluq (1971) dissertasiyaları müdafiə etmiş, professor (1990) elmi adını almışdır. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. Azərbaycan SSR Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi (1957), şöbə müdiri (1961-1991) vəzifələrində çalışmışdır. Orta əsrlər Azərbaycan şeirinin tarixi-nəzəri səpkidə araşdırılması, həmin dövr ədəbiyyatımızın janr, metod və üslub xüsusiyyətləri, folklor əlaqələri, varis və irs problemi, klassik sənətkarlarımızın humanist-bəşəri ideyalarının, dini və sufi-panteist fikrin poeziyadakı təcəssümü və b. məsələlər alimin tədqiqatlarında öz elmi həllini tapmışdır. O, 15-dən artıq kitabın, 300-ə qədər məqalənin, o cümlədən, «Azərbaycan epik şeirinin inkişaf yolları (XII-XVII əsrlər)» (1977), Nizami Gəncəvi (həyatı və sənəti)» (1979), «Klassik Azərbaycan poeziyasında qəzəl. Janrın tarixi və poetikası» (1990), «Mütəfəkkir Mövlana Füzuli» (1996), «Nizami və onun poeziya sələfləri» (2001) və b. əhəmiyyətli tədqiqatların müəllifidir. Həmçinin, Türkiyədə nəşr olunan 30 cildlik «Türk xalqları ədəbiyyatı ensiklopediyası»nın «Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatı» hissəsini yazmışdır. Xaricdə yaşayan azərbaycanlılar üçün yazılmış «Azərbaycan ədəbiyyatı (müxtəsər oçerk)» kitabının (2003), nəşr edilməkdə olan çoxcildli «Azərbaycan ədəbiyyatı tarixi»nin II, III cildlərinin müəlliflərindən biridir. Görkəmli alim Əməkdar elm xadimi fəxri adına layiq görülmüş (1982), «Şərəf nişanı» ordeni ilə təltif edilmişdir (1971). Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Azadə Rüstəmova 2005-ci il aprelin 19-da Bakıda vəfat etmişdir. |
|
(1932-2005) |