Sadiqov İsmayıl Ələkbər oğlu

Sadıqov İsmayıl Ələkbər oğlu 1928-ci il yanvarın 15-də Gədəbəy rayonunun Soyuq­bulaq kəndində anadan olmuşdur.

1945-ci ildə Azərbaycan Kənd Təsər­rüfatı İnstitutunun Baytarlıq fakültə­sinə daxil olmuş, sonra təhsilini Moskva Zoobaytarlıq İnstitutunda və Moskva Baytarlıq Akademi­yasında davam etdirmiş, 1950-ci ildə oranı bitirən İ.Ə.Sadı­qov Moskvada K.İ.Skryabin adına Ümumiittifaq Helmintologiya İnsti­tu­tunun əməkdaşı, professor A.M.Petrovun rəhbərliyi altında 1956-cı ildə “Azərbay­can­da xəzdərili vəhşi heyvan­ların helmint faunası” mövzusunda fəlsəfə və 1974-cü ildə isə akademik S.M.Əsəd­ovun rəhbərliyi altında “Azərbaycanda xəzdərili sə­naye heyvan­larının helmintləri” mövzusunda elmlər doktorluğu dissertasiya­la­rını müdafiə etmişdir.  O, 1989-cu ildə “Helmintologiya” ixtisası üzrə professor elmi adına layiq görülmüşdür. 2001-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü seçil­mişdir.

İ.Ə.Sadıqov AMEA-nın Zoologiya İnstitutunun Parazitologiya şöbə­sində əvvəl­­cə kiçik və böyük elmi işçi (1950-1974) olmuş, sonralar isə (1974-2008) Helmin­tologiya laboratoriyasına rəhbərlik etmişdir.

İ.Sadıqov vəhşi heyvanların helmint faunasını öyrənmişdir. Onun tərəfindən aşkar edilmiş helmintoz törədicilərindən insan üçün xərçəng xəstəliyi kimi təh­lükəli olan trixinella, exinokokk və yumru qurdların təbii ocaqlarının aşkar edil­məsi epidemioloq və baytar həkimləri üçün çox qiymətli məlumatlardır. Alim belə ocaqların ləğv edilməsi yollarını müəyyən etmiş və aşkar edilmiş hel­mintləri təhlil edərkən parazitlə sahib orqanizm arasında filogenetik bağlılıq prinsipini irəli sürmüşdür.

İ.Sadıqov tərəfindən müəyyən olunmuşdur ki, Azərbaycanda vəhşi məmə­lilərdə aşkar edilmiş 76 növ helmint insan və heyvanların helmintləri ilə ümu­mi­lik təşkil edir. O, həmin helmintlərdən 38 növun epidemioloji və epizootoloji, 34 növün isə epizootoloji rolu olduğunu sübut etmişdir.

İ.Ə.Sadıqovun tədqiqat işlərinin nəticələri 1962-ci ildə nəşr edilmiş “Azər­bay­­canda xəzdərili heyvanların helmintləri”, 1981-ci ildə nəşr edilmiş “Azər­bay­canın sənaye əhəmiyyətli heyvanlarının helmintləri” və 1989-cu ildə nəşr edilmiş “Zaqafqaziyada xırda məməlilərin parazit qurdlar faunası” (həmmüəl­lif­lərlə) mo­no­qrafiyalarında və 193 elmi məqalədə öz əksini tapmışdır. Bundan əlavə, 17 elmi-populyar və pub­lisistik məqaləsi və redaktorluğu altında 8 əsər çap olunmuşdur.

İ.Ə.Sadıqovun rəhbərliyi ilə 9 fəlsəfə doktoru və 1 elmlər doktoru disser­ta­siyası müdafiə edilmişdir. İ.Ə.Sadıqov dəfələrlə beynəlxalq konfranslarda mə­ru­zələr etmişdir.

İ.Sadıqov 1991-ci ildə respublikanın bir qrup parazitoloq alimləri ilə bir­likdə “Azərbaycanda kənd təsərrüfatı heyvanları, quş və balıqlarının başlıca pa­razitar xəstəliklərinə qarşı profilaktikanın elmi əsasları”nı işləyib təsərrüfat­lara tətbiqinə görə Dövlət Mükafatına layiq görülmüş, 4 medal, AMEA-nın Fəxri Fərmanları, SSRİ EA-nın akademik “K.İ.Skryabinin 100 illiyi”nə həsr olunmuş medalla təltif olunmuşdur.

AMEA-nın müxbir üzvü İsmayıl Sadıqov 2008-ci il dekabrın 29-da Bakıda vəfat etmişdir.

 (1928-2008)