Sadıqov İsmayıl Ələkbər oğlu 1928-ci il yanvarın 15-də Gədəbəy rayonunun Soyuqbulaq kəndində anadan olmuşdur.
1945-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsinə daxil olmuş, sonra təhsilini Moskva Zoobaytarlıq İnstitutunda və Moskva Baytarlıq Akademiyasında davam etdirmiş, 1950-ci ildə oranı bitirən İ.Ə.Sadıqov Moskvada K.İ.Skryabin adına Ümumiittifaq Helmintologiya İnstitutunun əməkdaşı, professor A.M.Petrovun rəhbərliyi altında 1956-cı ildə “Azərbaycanda xəzdərili vəhşi heyvanların helmint faunası” mövzusunda fəlsəfə və 1974-cü ildə isə akademik S.M.Əsədovun rəhbərliyi altında “Azərbaycanda xəzdərili sənaye heyvanlarının helmintləri” mövzusunda elmlər doktorluğu dissertasiyalarını müdafiə etmişdir. O, 1989-cu ildə “Helmintologiya” ixtisası üzrə professor elmi adına layiq görülmüşdür. 2001-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. İ.Ə.Sadıqov AMEA-nın Zoologiya İnstitutunun Parazitologiya şöbəsində əvvəlcə kiçik və böyük elmi işçi (1950-1974) olmuş, sonralar isə (1974-2008) Helmintologiya laboratoriyasına rəhbərlik etmişdir. İ.Sadıqov vəhşi heyvanların helmint faunasını öyrənmişdir. Onun tərəfindən aşkar edilmiş helmintoz törədicilərindən insan üçün xərçəng xəstəliyi kimi təhlükəli olan trixinella, exinokokk və yumru qurdların təbii ocaqlarının aşkar edilməsi epidemioloq və baytar həkimləri üçün çox qiymətli məlumatlardır. Alim belə ocaqların ləğv edilməsi yollarını müəyyən etmiş və aşkar edilmiş helmintləri təhlil edərkən parazitlə sahib orqanizm arasında filogenetik bağlılıq prinsipini irəli sürmüşdür. İ.Sadıqov tərəfindən müəyyən olunmuşdur ki, Azərbaycanda vəhşi məməlilərdə aşkar edilmiş 76 növ helmint insan və heyvanların helmintləri ilə ümumilik təşkil edir. O, həmin helmintlərdən 38 növun epidemioloji və epizootoloji, 34 növün isə epizootoloji rolu olduğunu sübut etmişdir. İ.Ə.Sadıqovun tədqiqat işlərinin nəticələri 1962-ci ildə nəşr edilmiş “Azərbaycanda xəzdərili heyvanların helmintləri”, 1981-ci ildə nəşr edilmiş “Azərbaycanın sənaye əhəmiyyətli heyvanlarının helmintləri” və 1989-cu ildə nəşr edilmiş “Zaqafqaziyada xırda məməlilərin parazit qurdlar faunası” (həmmüəlliflərlə) monoqrafiyalarında və 193 elmi məqalədə öz əksini tapmışdır. Bundan əlavə, 17 elmi-populyar və publisistik məqaləsi və redaktorluğu altında 8 əsər çap olunmuşdur. İ.Ə.Sadıqovun rəhbərliyi ilə 9 fəlsəfə doktoru və 1 elmlər doktoru dissertasiyası müdafiə edilmişdir. İ.Ə.Sadıqov dəfələrlə beynəlxalq konfranslarda məruzələr etmişdir. İ.Sadıqov 1991-ci ildə respublikanın bir qrup parazitoloq alimləri ilə birlikdə “Azərbaycanda kənd təsərrüfatı heyvanları, quş və balıqlarının başlıca parazitar xəstəliklərinə qarşı profilaktikanın elmi əsasları”nı işləyib təsərrüfatlara tətbiqinə görə Dövlət Mükafatına layiq görülmüş, 4 medal, AMEA-nın Fəxri Fərmanları, SSRİ EA-nın akademik “K.İ.Skryabinin 100 illiyi”nə həsr olunmuş medalla təltif olunmuşdur. AMEA-nın müxbir üzvü İsmayıl Sadıqov 2008-ci il dekabrın 29-da Bakıda vəfat etmişdir. |
|
(1928-2008) |