Səfərov İbrahim Səfər oğlu

Səfərov İbrahim Səfər oğlu 1913-cü il avqustun 28-də Şamaxı rayonunda ana­dan olmuşdur.

O, Tbilisi şəhərində Zaqafqaziya Meşə Təsərrüfatı İnstitutunu bitirmişdir (1939).

İ.Səfərov fəlsəfə doktoru (1949) və elmlər doktor­luğu (1962) dissertasiya­larını müdafiə etmişdir. Professor elmi adına layiq görülmüş (1969) və AMEA-nın müxbir üzvü seçilmişdir (1980).

1940-1942-ci illərdə Bakı Kənd Təsərrü­fatı Texnikumunun direktoru, 1945-1952-ci illərdə Meşə Təsərrüfatı naziri­nin birinci müavini, 1952-1953-cü illərdə Azərbay­can SSR Nazirlər Sove­ti sədrinin müavini və Respublika Sovxozlar naziri vəzi­fəsində çalış­mışdır. 1953-1961-ci illərdə Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnsti­tu­tunun direk­toru, Azərbaycan SSR EA-nın Botanika İnstitutunda Meşəşünas­lıq şöbəsinin müdiri olmuşdur (1961-1987). 1983-1985-ci illərdə Azərbaycan SSR EA Rəyasət Heyəti yanın­da Təbii Ehtiyatları öyrənən komitənin sədri, 1968-ci ildən  Azərbaycan Təbiəti Müha­fizə cəmiyyətinin sədr müavini, 1993-cü ildən sədri olmuş­dur. 1987-ci ildən ömrünün sonuna kimi Botanika İnstitutunda müşavir işləmişdir.

İ.Səfərovun elmi fəaliyyəti kənd təsərrüfatı sahələrinin zonalar üzrə rayon­laş­dırılması, bütün kənd rayonlarında tarla qoruyucu meşə zolaqlarının salın­ması sayəsində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırıl­ması, sub­tro­pik bitkilərin seyrəkləşməsinin qarşısının alınması, yuxarı Şir­van, Qarabağ və Samur-Dəvəçi-Abşeron su kanallarının ətraflarının yaşıl­laşdırıl­ması, suvarı­lan torpaq sa­hələrinin artması, ayrı-ayrı kənd təsərrüfatı bitkilə­rinin məhsul­dar­lığının çoxalma­sı­nın səmərəli yolunun açıqlanmasına yönəlmişdir.

İ.Səfərov Qafqazın dağ meşələrinin qorunması və bərpası, məhsul­darlığın artı­rılması, nadir və məhv olma təhlükəsi olan növlərin öyrənilməsi və qo­run­masına dair geniş elmi tədqiqat işləri aparmış, respublikanın aqro­meşə­melio­rativ rayon­laş­dı­rıl­ması planını, Azərbaycanın ayrı-ayrı rayonları üzrə ağac növ­lərinin seçil­məsi metodunu və meşəsiz rayonlarda meşə sahələrinin salınma­sının planını hazırlamışdır.

Onun elmi axtarışlarının nəticəsi 200-dən çox elmi məqalə və 11 mono­qra­fiyada cəmləşmişdir. O, Qafqazın “Qırmızı kitabı”nın tərtibçilərin­dən biridir.

İ.Səfərov elmi kadrların hazırlanmasına xüsusi diqqət yetirmişdir. Onun rəh­bərliyi altında 25 fəlsəfə doktoru və 2 elmlər doktoru hazırlanmışdır.

İ.Səfərovun elmi xidmətləri yüksək qiymətləndirilmişdir. O, SSRİ XTNS-in qızıl medalı (1956), Ümümittifaq “Bilik” cəmiyyətinin qızıl me­dalı (1957), Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Fəxri Fərmanı ilə təltif edilmişdir. 1964-cü ildə Res­pub­likanın əməkdar meşəçisi fəxri adına layiq görülmüş, “Şərəf Nişanı” ordeninə, 20-dən çox medala, Bey­nəlxalq, SSRİ və Azərbaycanın müxtəlif təşkilatlarının 20-dən çox fəxri fərmanlarına, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin gümüş və bürünc me­dal­larına sahib olmuşdur. 1993-cü ildə “Qafqazın meşə bitkilərinin ra­yonlaş­dırıl­masına görə” Ümum­ittifaq Elmi Tədqiqat Mexanika İnstitutunun diplo­muna layiq görülmüşdür.

AMEA-nın müxbir üzvü İbrahim Səfərov 1998-ci il noyabrın 21-də Bakıda vəfat etmişdir.

 (1913-1998)