Səfərov İbrahim Səfər oğlu 1913-cü il avqustun 28-də Şamaxı rayonunda anadan olmuşdur.
O, Tbilisi şəhərində Zaqafqaziya Meşə Təsərrüfatı İnstitutunu bitirmişdir (1939). İ.Səfərov fəlsəfə doktoru (1949) və elmlər doktorluğu (1962) dissertasiyalarını müdafiə etmişdir. Professor elmi adına layiq görülmüş (1969) və AMEA-nın müxbir üzvü seçilmişdir (1980). 1940-1942-ci illərdə Bakı Kənd Təsərrüfatı Texnikumunun direktoru, 1945-1952-ci illərdə Meşə Təsərrüfatı nazirinin birinci müavini, 1952-1953-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini və Respublika Sovxozlar naziri vəzifəsində çalışmışdır. 1953-1961-ci illərdə Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunun direktoru, Azərbaycan SSR EA-nın Botanika İnstitutunda Meşəşünaslıq şöbəsinin müdiri olmuşdur (1961-1987). 1983-1985-ci illərdə Azərbaycan SSR EA Rəyasət Heyəti yanında Təbii Ehtiyatları öyrənən komitənin sədri, 1968-ci ildən Azərbaycan Təbiəti Mühafizə cəmiyyətinin sədr müavini, 1993-cü ildən sədri olmuşdur. 1987-ci ildən ömrünün sonuna kimi Botanika İnstitutunda müşavir işləmişdir. İ.Səfərovun elmi fəaliyyəti kənd təsərrüfatı sahələrinin zonalar üzrə rayonlaşdırılması, bütün kənd rayonlarında tarla qoruyucu meşə zolaqlarının salınması sayəsində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması, subtropik bitkilərin seyrəkləşməsinin qarşısının alınması, yuxarı Şirvan, Qarabağ və Samur-Dəvəçi-Abşeron su kanallarının ətraflarının yaşıllaşdırılması, suvarılan torpaq sahələrinin artması, ayrı-ayrı kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının çoxalmasının səmərəli yolunun açıqlanmasına yönəlmişdir. İ.Səfərov Qafqazın dağ meşələrinin qorunması və bərpası, məhsuldarlığın artırılması, nadir və məhv olma təhlükəsi olan növlərin öyrənilməsi və qorunmasına dair geniş elmi tədqiqat işləri aparmış, respublikanın aqromeşəmeliorativ rayonlaşdırılması planını, Azərbaycanın ayrı-ayrı rayonları üzrə ağac növlərinin seçilməsi metodunu və meşəsiz rayonlarda meşə sahələrinin salınmasının planını hazırlamışdır. Onun elmi axtarışlarının nəticəsi 200-dən çox elmi məqalə və 11 monoqrafiyada cəmləşmişdir. O, Qafqazın “Qırmızı kitabı”nın tərtibçilərindən biridir. İ.Səfərov elmi kadrların hazırlanmasına xüsusi diqqət yetirmişdir. Onun rəhbərliyi altında 25 fəlsəfə doktoru və 2 elmlər doktoru hazırlanmışdır. İ.Səfərovun elmi xidmətləri yüksək qiymətləndirilmişdir. O, SSRİ XTNS-in qızıl medalı (1956), Ümümittifaq “Bilik” cəmiyyətinin qızıl medalı (1957), Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Fəxri Fərmanı ilə təltif edilmişdir. 1964-cü ildə Respublikanın əməkdar meşəçisi fəxri adına layiq görülmüş, “Şərəf Nişanı” ordeninə, 20-dən çox medala, Beynəlxalq, SSRİ və Azərbaycanın müxtəlif təşkilatlarının 20-dən çox fəxri fərmanlarına, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin gümüş və bürünc medallarına sahib olmuşdur. 1993-cü ildə “Qafqazın meşə bitkilərinin rayonlaşdırılmasına görə” Ümumittifaq Elmi Tədqiqat Mexanika İnstitutunun diplomuna layiq görülmüşdür. AMEA-nın müxbir üzvü İbrahim Səfərov 1998-ci il noyabrın 21-də Bakıda vəfat etmişdir. |
|
(1913-1998) |