Əliyev Cəlal Əlirza oğlu

Cəlal Əlirza oğlu Əliyev 1928-ci il iyun ayının 30-da Naxçıvan şəhərində anadan olmuşdur. 1944-cü ildə Naxçıvan Müəllimlər İns­titutunun Təbiətşü­naslıq-coğrafiya fakültə­si­ni, 1951-ci ildə isə Azərbaycan Dövlət Uni­versitetinin Biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

C.Əliyev 1955-ci ildə fəlsəfə doktoru, 1971-ci ildə elmlər doktorluğu dissertasi­ya­larını müdafiə etmiş, 1976-cı ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir. O, Ru­siya Kənd Təsərrüfatı Elmləri Akademi­ya­sının (1995), Ukrayna və Belarus respublikalarının Aqrar Elmlər Akade­miyalarının (1996) xarıcı üzvü olmuşdur. 1981-1990-cı illərdə AEA-nın Biologiya Elmləri Bölməsində akade­mik-katib işləmiş, AR KTN ET Əkinçilik İnstitutunun Bitki­lərin fiziolo­giyası və biotexnologiyası və AMEA Botanika İnstitutunun Bioloji məhsuldar­lığın fundamental problemləri şöbələrinə rəhbərlik etmişdir.

Akademik Cəlal Əliyevin elmi fəaliyyəti kənd təsərrüfatı bitkilərinin, əsasən buğdanın fotosintetik məhsuldarlığının nəzəri əsaslarının öyrənil­mə­sinə həsr olun­muşdur. O, fotosintez və fototənəffüs proseslərini kompleks şəkildə tədqiq etmiş­dir. Bu tədqiqatların dairəsi bitkilərin məhsuldarlığının fizioloji, biofiziki, biokim­yəvi və molekulyar-genetik əsaslarını, bitkilərin həyatının struktur–funksiolnal təşkilinin molekulyar səviyyədən başlayaraq, bütöv bitki və əkinə qədər bütün mər­hələ və formalarında məhsuldarlıq proseslərinin öyrənilməsini əhatə edir. O, Azər­baycanda fiziki-kimyəvi bio­logiya sahəsində tədqiqatları genişləndirərək 1970-ci illərdə Azərbaycanda biologiyanın yeni istiqamətlərini, molekulyar biolo­giya, mole­kulyar gene­tika, gen və hüceyrə biotexnologiyası, riyazi biologiya, kom­pü­ter biolo­gi­yası və bioinformatika sahələrini inkişaf etdirmişdir. C.Əliyev yüksək dən keyfiy­yətinə və məhsuldarlığa malik, Azərbaycanın buğda əkini sahəsinin böyük hissəsini təşkil edən, Türkmənistan, Özbəkistan və Gürcüstanda yaxşı nəticə­lər verən buğda sortları yaratmış, Azərbaycanda bitki genetik ehti­yatları üzrə Milli Proqram və biomüxtəlifliyin qorunması və səmərəli istifadəsi strategiya­sını işləyib hazırlamış, Bitki Genbankı yaratmışdır. O, “Azərbay­canın Qırmızı kitabı” nəşrinin baş redakto­ru olmuşdur (2013).

Akademik C.Əliyevin yaratdığı elmi məktəbin yetirmələri Azər­bay­canın, MDB, ABŞ, Kanada, Yaponiya, Cənubi Koreya, Avstraliya, İsrail və Avropa ölkələ­rinin aparıcı elmi mərkəzlərində və universitetlərində uğurla çalışırlar.

C.Əliyev respublikada və beynəlxalq nəşrlərdə çap olunmuş 600-dən artıq elmi əsərin, 25 monoqrafiya və kitabın, 25 patentin müəllifi və həm­müəllifidir. Onun elmi rəhbərliyi altında 85 fəlsəfə doktoru və 11 elmlər doktoru hazırlanmışdır.

Akademik C.Əliyev Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqə­ləndirilməsi Şura­sının Biologiya elmləri üzrə problem şurasının sədri və bir sıra elmi və müdafiə şura­larının üzvü, “AMEA-nın Xəbərləri” (biologiya və tibb elmləri) jurnalının baş re­daktoru, “AMEA-nın Məruzələri” jurnalının redaksiya heyətinin üzvü, ABŞ-da nəşr olunan “Bioinformatika və müqa­yisəli genomiks” jurnalının redaksiya heyətinin fəxri üzvü və Avstraliyada nəşr olunan “Kompüter biologiyası və bioinformatika” jurnalının redaksiya heyətinin və dörd çağırış (1995; 2000; 2005, 2010) Azərbaycan Respub­likası Milli Məclisinin üzvü olmuşdur.

C.Əliyev Əməkdar elm xadimidir. O, “Qırmızı Əmək Bayrağı” ordeni (1972, 1986), Azərbaycan Respublikasının “İstiqlal” ordeni (2003), Gür­cüstan Respubli­kasının “Şərəf” ordeni (2003), Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu (2008) və Azərbaycan Respublikasının “Şərəf” ordeni (2013) ilə təltif olunmuşdur.

C.Əliyev 31 yanvar 2016-cı ildə vəfat etmişdir. 

 (1928-2016)