Əliyeva Rəfiqə Əlirza qızı

Əliyeva Rəfiqə Əlirza qızı 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olmuşdur. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Univer­siteti) kimya fakültəsini bitirmişdir. 1976-cı ildə dosent, 1998-ci ildə isə kimya ixtisası üzrə professor elmi adını almışdır. 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.

R.Əliyeva 1958-1960-cı illərdə Azər­bay­­can SSR Elmlər Akademiyası Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda kiçik elmi işçi, 1957-1999-cu illərdə Bakı Dövlət Univer­sitetinin “Analitik kimya“ kafedrasında aspirant, laborant, assis­tent, baş mü­əllim, dosent vəzifələrində çalışmış və həmin kafedranın profes­soru, 2001-ci ildən Bakı Dövlət Universitetinin “Ekoloji kimya və ətraf mühitin mü­ha­fizəsi“ elmi tədqiqat laboratoriyasının müdiri vəzifələrində çalışmışdır.

R.Əliyeva keçid və nadir torpaq elementlərinin foto­met­rik təyini və qa­tılaş­dırma metodikalarının öyrənilməsi sahə­sin­də tədqiqatlar aparan, ana­litik kimya elminin bu sahəsinin yeni biliklərlə zənginləşdirilməsində xid­mət­­ləri olan tanınmış alimdir. Onun əsas elmi istiqaməti yeni üzvi reagentlər və sor­bentləırin sintezi və onların analitik imkanlarının öyrənilməsindən ibarət­dir. O, analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləş­mə­lərin quruluşu arasındakı ası­lı­lığı müəyyən etmişdir. O, ilk dəfə olaraq spek­tro­foto­metrik metod vasitəsilə ger­maniumun alizarin qırmı­zı C, stilba­zo, piroqallol qırmızı, brompiroqallol qır­mızı, xinalizarin reagentləri ilə komp­­leks birləşmə­lərini tədqiq etmişdir.

R.Əliyevanın rəhbərliyi altında ilk dəfə olaraq b-diketonlar əsasında azobir­ləşmələr sintez edilmiş və üzvi reagentlərdə kvantkimyəvi hesablama­lara görə elektron sıxlığı hesablanmış, alınan nəticəyə əsasən bu reagent­lərin bir-bi­rinə nəzərən nə dərəcədə analitik effekt verməsi qabaqcadan proq­­nozlaşdı­rıl­mışdır. Onun rəhbərliyi altında malein anhidridi və stirolun birgə sopolimeri əsasında sintez edilmiş sorbentdən istifadə etməklə Cu, Cd, Zn, Fe, Ni, Co, U və fenol tipli birləşmələrin qatılaşdırılmasının optimal şəraiti işlənib hazırlanmış­dır. Bu sinif sorbentlərdən neftayırma zavodların­dan alı­nan çirkab sularında, axıntı və lay sularında metalların qatılaşdırıl­ması üçün istifadə edil­mə­si təklif olunmuşdur.

R.Əliyeva 450 elmi əsərin, 25-dən çox dərs vəsaiti və dərslik, analitik kim­yadan 6 tərcümə kitabının və 20 patentin müəllifidir. Onun əsərlərinin çox his­səsi xaricdə çap olunmuşdur. Tanınmış beynəlxalq jurnallarda onun əsər­lərinə istinadlar olunur. R.Əliyevanın rəhbərliyi ilə 2 elmlər doktoru və 20 fəlsəfə doktoru hazırlanmışdır. R.Əliyeva Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən D02.011 şifrli Dissertasiya Şurasının sədr müavi­ni, Bakı Dövlət Uni­versitetinin Elmi Şurasının üzvü olmuşdur.

R.Əliyeva Əməkdar elm xadimi, akad. Y.Məmmədəliyev adı­na müka­fa­tın laureatı adlarına layiq görül­müş­dür. O, 2001-ci ildə Amerika Biblio­qrafiya İnstitutu tərəfin­dən «2001-ci ilin adamı» və «2001-ci ilin işgü­zar qadını» seçilmişdir. Azərbaycan Respublikası Təhsil Nаzirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Bakı Dövlət Uni­ver­sitetinin təsis etdiyi «İlin alimi» fəxri adına, «Ekologiya» və «Ümumi ekologiya» adlı dərs vəsaitləri isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi Heydər Əliyev adına mükafata layiq görülmüşdür.

Akademik Rəfiqə Əliyeva “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

R.Əliyeva 6 may 2017-ci ildə vəfat etmişdir.

(1932-2017)