Hacıyev Vahid Cəlal oğlu

Hacıyev Vahid Cəlal oğlu 1928-ci il fevralın 14-də Şuşa şəhərində anadan olmuş­dur. O, S.Ağamalıoğlu adına Kənd Təsərrüfatı İnsti­tutu­nun Tarlaçılıq fakül­təsini bitirmişdir (1947).

V.Hacıyev 1952-ci ildə fəlsəfə doktoru, 1966-cı ildə elmlər doktoru disserta­siyalarını mü­da­fiə etmiş, 1970-ci ildə professor elmi adını almışdır. O, 1983-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.

V.Hacıyev 1947-1949-cu illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində geobotanik kimi çalışmış, 1949-1952-ci illərdə SSRİ EA-nın V.L.Komarov adına Botanika İnstitutunun aspirantı olmuşdur. Görkəmli nəbatat təd­qiqatçısı, akade­mik V.Hacıyev Azərbaycan Elmlər Akademiyasının Bota­nika Bağında böyük elmi işçi (1952-1957) işləmiş, Botanika Bağında direk­tor əvəzi (1957-1958), Botanika İnstitutunun elmi işlər üzrə direktor müa­vini (1957-1972), Azərbaycan Kənd Tə­sərrüfatı Nazirliyinin Elmi Tədqiqat Yemçilik, Çəmən­çilik və Otlaqlar İnstitutunun direktoru (1972-1973) olmuşdur. O, 1972-ci ildən ömrünün sonunadək Azərbay­can Elmlər Akademiyasının Botanika İnstitutunda Geobotanika şöbəsinin müdiri, İnstitutun elmi işlər üzrə direktor müavini (1978-1988), direktoru vəzifələrində (1988-2008) çalışmışdır.

V.Hacıyev Böyük və Kiçik Qafqazın, eləcə də Azərbaycanın yüksək dağ çəmən­lə­rində geobotaniki tədqiqatlar aparmış, floranın sistemati­kası, bitki örtüyü­nün, faydalı bitki ehtiyatlarının, nadir və nəsli kəsilməkdə olan bitki növlərinin öyrə­nilməsi problemlərinə xüsusi diqqət ayırmışdır. O, müxtəlif illərdə təşkil edilmiş floristik, sistematik və başqa ekspedisiyalarda, xüsusən “Günəş-84” və “Günəş-85” eksperimentlərində fəal iştirak edərək bitki forma­siyalarının yerləş­mə qanuna­uy­ğunluqlarını elmi surətdə sübut etmişdir. Böyük Qafqaz, Kiçik Qaf­qaz, Talış, Kür-Araz ovalığının bitki örtü­yü­nü öyrənmiş, botaniki təsvirini vermiş, onun tərəfindən otlaqların yaxşılaş­dırılması üçün tövsiyə­lər hazırlanmış və ətraf mühitin təsiri riski qiymət­ləndirilmişdir. Onun rəhbərliyi ilə Azərbaycanın qış və yay otlaqlarının bitki­liyi tədqiq edilmiş, onların qorunması, bərpası, səmərəli istifadəsinin elmi əsasları işlənib ha­zırlanmışdır. Şirvan, Muğan, Qobustan, Ceyrançöl, Acınohur səhra və yarım­səhralarının (3 000 ha) pasportlaşdı­rıl­masını həyata keçirmiş, 500 min ha yay otlaqlarının yaxşılaşdırılmasına dair tədqiqatlar aparmış, alınan nəticələr əsasında təd­birlər planı hazırlanmış və təsər­rüfatlara tövsiyə etmişdir.

V.Hacıyev 1979-cu və 1987-ci illərdə müxtəlif miqyaslarda “Azərbay­canın bitki örtüyü” xəritələrini tərtib etmiş, ilk dəfə yüksək dağ çəmənləri­nin bitki örtüyü rayonlaşdırılmış və assosiasiya səviyyəsində təsnifatı verilmişdir.

O, “Флора Азербайджана” adlı çoxcildli fundamental əsərin V-VIII cildləri üçün 5 fəsiləyə 25 cinsə dair 85 növün yeni sistematik təhlilini ver­mişdir. O, 230-dan çox elmi əsərin, o cümlədən 12 monoqrafiyanın müəl­lifidir. Onun rəhbər­liyi altında 5 elm­lər doktorluğu və 40-a yaxın fəlsəfə doktoru dis­ser­tasiyası müdafiə olun­muşdur.

Akademik V.Hacıyev “Fədakar əməyə görə” medalı (1970), “Şərəf nişanı” ordeni (1981), AMEA-nın Fəxri Fərmanı ilə təltif edilmiş, “Aka­de­mik Həsən Əliyev” adına Ekologiya mükafatına layiq görülmüşdür (1992).

Akademik Vahid Hacıyev 2008-ci il aprelin 7-də Bakıda vəfat etmişdir.

(1928-2008)