Hacıyev Vahid Cəlal oğlu 1928-ci il fevralın 14-də Şuşa şəhərində anadan olmuşdur. O, S.Ağamalıoğlu adına Kənd Təsərrüfatı İnstitutunun Tarlaçılıq fakültəsini bitirmişdir (1947).
V.Hacıyev 1952-ci ildə fəlsəfə doktoru, 1966-cı ildə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş, 1970-ci ildə professor elmi adını almışdır. O, 1983-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir. V.Hacıyev 1947-1949-cu illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində geobotanik kimi çalışmış, 1949-1952-ci illərdə SSRİ EA-nın V.L.Komarov adına Botanika İnstitutunun aspirantı olmuşdur. Görkəmli nəbatat tədqiqatçısı, akademik V.Hacıyev Azərbaycan Elmlər Akademiyasının Botanika Bağında böyük elmi işçi (1952-1957) işləmiş, Botanika Bağında direktor əvəzi (1957-1958), Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini (1957-1972), Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun direktoru (1972-1973) olmuşdur. O, 1972-ci ildən ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda Geobotanika şöbəsinin müdiri, İnstitutun elmi işlər üzrə direktor müavini (1978-1988), direktoru vəzifələrində (1988-2008) çalışmışdır. V.Hacıyev Böyük və Kiçik Qafqazın, eləcə də Azərbaycanın yüksək dağ çəmənlərində geobotaniki tədqiqatlar aparmış, floranın sistematikası, bitki örtüyünün, faydalı bitki ehtiyatlarının, nadir və nəsli kəsilməkdə olan bitki növlərinin öyrənilməsi problemlərinə xüsusi diqqət ayırmışdır. O, müxtəlif illərdə təşkil edilmiş floristik, sistematik və başqa ekspedisiyalarda, xüsusən “Günəş-84” və “Günəş-85” eksperimentlərində fəal iştirak edərək bitki formasiyalarının yerləşmə qanunauyğunluqlarını elmi surətdə sübut etmişdir. Böyük Qafqaz, Kiçik Qafqaz, Talış, Kür-Araz ovalığının bitki örtüyünü öyrənmiş, botaniki təsvirini vermiş, onun tərəfindən otlaqların yaxşılaşdırılması üçün tövsiyələr hazırlanmış və ətraf mühitin təsiri riski qiymətləndirilmişdir. Onun rəhbərliyi ilə Azərbaycanın qış və yay otlaqlarının bitkiliyi tədqiq edilmiş, onların qorunması, bərpası, səmərəli istifadəsinin elmi əsasları işlənib hazırlanmışdır. Şirvan, Muğan, Qobustan, Ceyrançöl, Acınohur səhra və yarımsəhralarının (3 000 ha) pasportlaşdırılmasını həyata keçirmiş, 500 min ha yay otlaqlarının yaxşılaşdırılmasına dair tədqiqatlar aparmış, alınan nəticələr əsasında tədbirlər planı hazırlanmış və təsərrüfatlara tövsiyə etmişdir. V.Hacıyev 1979-cu və 1987-ci illərdə müxtəlif miqyaslarda “Azərbaycanın bitki örtüyü” xəritələrini tərtib etmiş, ilk dəfə yüksək dağ çəmənlərinin bitki örtüyü rayonlaşdırılmış və assosiasiya səviyyəsində təsnifatı verilmişdir. O, “Флора Азербайджана” adlı çoxcildli fundamental əsərin V-VIII cildləri üçün 5 fəsiləyə 25 cinsə dair 85 növün yeni sistematik təhlilini vermişdir. O, 230-dan çox elmi əsərin, o cümlədən 12 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi altında 5 elmlər doktorluğu və 40-a yaxın fəlsəfə doktoru dissertasiyası müdafiə olunmuşdur. Akademik V.Hacıyev “Fədakar əməyə görə” medalı (1970), “Şərəf nişanı” ordeni (1981), AMEA-nın Fəxri Fərmanı ilə təltif edilmiş, “Akademik Həsən Əliyev” adına Ekologiya mükafatına layiq görülmüşdür (1992). Akademik Vahid Hacıyev 2008-ci il aprelin 7-də Bakıda vəfat etmişdir. |
|
(1928-2008) |