Xəlilov Zahid İsmayıl oğlu

Xəlilov Zahid İsmayıl oğlu 1911-ci il  fevralın 14-də Tiflis şəhərində anadan olmuşdur. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1940-cı ildə fizika-riya­ziyyat üzrə fəlsəfə doktoru, 1946-cı ildə fizika-ri­ya­ziyyat üzrə elmlər doktoru elmi dərəcəsini, pro­fessor elmi adını almış, 1955-ci ildə AEA-nın həqiqi üzvü seçilmişdir.

1942-ci ildə SSRİ EA-nın Azərbaycan filialının fizika sektorunda elmi fəaliy­yətə baş­lamış, riyaziyyat və nəzəri fizika seksiyasını, daha sonra isə riyaziyyat bölməsini yaratmışdır. Azərbaycan SSR EA vitse-prezidenti (1957-1959), Fizi­ka-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi (1959-1962), Azər­baycan SSR EA-nın prezidenti (1962-1967), Riyaziyyat və Mexanika İnsti­tu­tunun direktoru (1967-1974) olmuşdur.

Z.Xəlilov Azəbaycanda funksional analiz məktəbinin yaradıcısıdır. Komp­leks dəyişənli funksiyalar və sinqulyar inteqral tənliklər vasitəsilə po­liharmo­nik tənliklər sistemi üçün sərhəd məsələsini həll etmiş və alınmış nəticələri söykənmiş elastik lövhənin əyilməsinin öyrənilməsinə tətbiq et­miş­dir. Normal­laşdırılmış halqalarda və Banax fəzasında klassik sinqulyar inteqral tənliklər nəzəriyyəsini ümumiləşdirən tamam kəsilməz operatorlu xətti tənliklər nəzə­riy­yəsini yaratmış və inkişaf etdirmişdir. İlk dəfə olaraq qiymətləri Banax fəzasından olan funksiyalar sinfində diferensial tənlikləri tədqiq etmişdir. Qaz və neftin filtrasiyası nəzəriyyəsinin ümumi məsələsini həll etmiş, aldığı nəti­cələr respublikada bu sahədə bir sıra tətbiqi məsələlərin həll edilməsinə zəmin yaratmışdır. İlk dəfə normallaşdırılmış halqalarda abstrakt sinqulyar operator­lar nəzəriyyəsini yaratmış və inkişaf etdirmişdir.

Funksional analizin üsullarını diferensial və inteqral tənliklər nəzəriy­yə­sinin sərhəd məsələlərinin və optimal idarəetmə məsələlərinin həllinə mü­vəffəqiyyətlə tətbiq etmiş, xətti yarımharmonik tənliklər sistemində ümu­mi sər­həd məsələlərini tədqiq edərək, requlyar həqiqi həllər üçün ümumi kompleks göstəriliş almışdır. Banax fəzasında qeyri-məhdud operatorlu kva­zixətti tənliklərin həllinin dayanıq­lığı məsələsini həll etmişdir. Dəyişənlərinə ayrılmayan hiperbolik və parabolik tənliklərdə qarışıq məsələnin həlli üçün axtarılan həllin operatorun baş hissəsinin məxsusi funksiyalarına görə ayrı­lışından istifadə edərək yeni üsul təklif etmişdir.

 SSRİ-də funksional analiz üzrə ilk monoqrafiyanın - “Funksional ana­lizin əsasları” (1949, rus dilində) - müəllifidir. 100-dən çox elmi işin və 4 mo­noqrafi­yanın müəllifidir. 30-dan çox fəlsəfə doktoru və elmlər doktoru hazırlamışdır.

Sovet Riyaziyyat və Mexanika Komitəsinin üzvü, Azərbaycan Riya­ziyyat Cəmiyyətinin prezidenti olmuşdur.

1960-cı ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. 1964-cü ildə “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişan” ordenləri ilə təltif edil­mişdir.

Akademik Zahid Xəlilov 1974-cü ildə vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.

(1911-1974)