Cəfərov Məmmədtağı İbrahim oğlu

Akademik Məmmədtağı Cəfərov 1936-cı ildə İrəvan mahalının Amasiya rayo­nun­dakı Oxçuoğlu kəndində doğulmuşdur. O, ilk təhsilini kənd səkkizillik məktə­bində almış, sonra isə İrəvan kənd təsərrüfatı texnikumunu fərqlənmə diplomu ilə bitirmişdir. 1954-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsinə qəbul olmuş, 1959-cu ildə təhsilini fərqlənmə diplomu ilə başa çatdır­mışdır. Məmmədtağı Cəfərov 1964-cü ildə "Azərbaycanın əsas torpaq tiplərində fosfor birləşmələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsini almışdır. M.Cəfərov 1964–1973-cü illərdə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunun (indi­ki AKTA) aqrokimya kafedrasında assistent, dosent, 1973–1983-cü illərdə isə torpaqşünaslıq və kənd təsər­rüfatının meliorasiyası kafedrasının müdiri vəzifələrində çalışmışdır.

M.Cəfərov 1973-cü ildə Belorusiya Elmi-Tədqiqat Əkinçilik İnstitutunda "Azər­bay­can torpaqlarında və əkinçiliyində fosfatlar problemi" mövzusunda doktorluq disserta­siyası müdafiə etmiş və kənd təsərrüfatı elmləri doktoru alimlik dərəcəsi almışdır. 1975-ci ildə isə ona professor adı verilmişdir. Kənd təsərrüfatı elmləri sahəsindəki uzun illər gərgin və səmərəli fəaliyyətinə, əldə etdiyi yüksək elmi nailiyyətlərə görə Məmmədtağı müəllim 1989-cu ildə Azər­baycan EA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir. Akademik M.Cəfərovun 200-dək elmi əsəri, onlarca kitabı, o cümlədən monoqrafiya və dərslikləri – "Azərbaycan tor­paqlarında və əkinçiliyində fosfatlar problemi" mono­qra­fiyası, iki hissədən ibarət "Torpaqşünaslıq", "Torpaqşünaslıq prakti­kum" dərsliyi, "Azərbaycanda gübrələmə sisteminin əsasları", "Torpaqşünaslıq və geologiyanın əsas­ları", "İrimiqyaslı torpaq xəritələrinin tərtibi və istifadəsi", dörd hissədən ibarət "Tor­paq­şünaslıq" adlı san­ballı tədqiqatı və başqa əsərləri respublikamızda torpaqşünaslıq elminin inkişa­fında mühüm rol oynamışdır.

Görkəmli alimin aqrokimya və torpaqşünaslığın müasir probleminə həsr olun­muş elmi fəaliyyətini üç dövrə bölmək olar. 1960–1980-ci illəri əhatə edən birinci dövrdə o, Azərbaycan əkinçiliyi sahəsində az öyrənilmiş fosfatlar probleminin araş­dırılmısı ilə məşğul olmuşdur. Bir neçə il əvvəl müxtəlif torpaq-iqlim zonalarında və torpaq tiplə­rində fosfor ehtiyatı formalarının elmi əsaslarla təqdim olunması, torpaqların fosfor balansının müəyyənləşdirilməsi və fosfor gübrəsinin səmərəli tətbiqinə dair elmi kon­sep­siyanın işlənib hazırlanmasında mühüm elmi və praktiki əhəmiyyət kəsb edirdi. M.Cəfərovun namizədlik və doktorluq dissertasiyaları məhz bu aktual problemin həlli­nə həsr olunmuşdur. Alimin əldə etdiyi zəngin və qiymətli elmi nəticələr respubli­ka­mızın Şəki–Zaqatala, Şirvan, Quba–Xaçmaz, Gəncə–Qazax, Kəl­bəcər–Laçın bölgələrində uğurla tətbiq edilmişdir. M.Cəfərovun elmi fəaliy­yətinin ikinci dövrü 1980-90-cı illəri əhatə edir. Bu dövrdə alimin rəhbərliyi altında Azər­baycanın müxtəlif torpaq-iqlim zonalarında intensiv əkinçilik şəraitində tor­paq­dan sə­mərəli istifadə olunması və onun münbitliyinin yüksəldilməsi istiqa­mətində komp­leks tədqiqatlar aparılıb. Bu tədqiqatların əsas mahiyyəti ondan ibarətdir ki, son 80 ildə tət­biq olunan becərmə sistemlərinin təkmilləşdirilməsi labüddür və buna görə də antro­pogen torpaqların əmələ gəlməsinin öyrənilməsi və torpaqda münbitliyin idarə­olunma yollarının müəyyənləşdirilməsi günümüzün zəruri tələbidir. Tədqiqatlarda respublika­mızda zonal torpaq tiplərinin və ero­ziyaya uğramış torpaqların münbitliyi­nin konsep­tual modelləri, Şəki–Zaqatala bölgəsində torpaqların münbitliyinin regional modeli iş­lənib hazırlanmışdır.

Akademik Məmmədtağı Cəfərov 2008-ci ildə Gəncədə vəfat etmişdir.

 (1936-2008)