Cəlilov Qurban Nizaməddin oğlu

Q.Cəlilov 1927-ci ildə Şəki rayonunun Qışlaq kən­­dində anadan olmuşdur.

Q.Cəlilov 1950-ci ildə Bakı Dövlət Uni­versitetini riyaziyyatçı ixtisası üzrə biti­rərək Azər­baycan Elmlər Akademiyası (AEA) Fizika və Riyaziyyat İnstitutunda aspiranturaya daxil olmuş və Moskva şəhərinə ezam edilmişdir. Moskvada yeraltı hidrodinamika sahəsində ta­nınmış alim V.N.Şelkaçovun rəhbərliyi altında  «Neft konturunun hərəkəti və quyunun sulaşması ilə əlaqədar bəzi məsələlərin hidrodi­namik tədqiqi» mövzusunda dissertasiya yazaraq, 1954-cü ildə Azər­bay­can Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) ixtisaslaş­dı­rılmış Şurasında mü­dafiə etmişdir. 1963-cü ildə isə «Neftdaşıma (neftlilik) konturunun yerdəyişməsi, quyuların sulaşması və süzülmənin fəza məsə­lələri» mövzusunda doktorluq dis­ser­tasiyasını müdafiə edərək texnika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. Q.Cəlilov 1966-cı ildə professor elmi adını almış, 1972-ci ildə «Neft, qaz və qaz­kondensat yataqlarının işlənməsi və istis­marı» ixtisası üzrə AEA-nın müxbir üzvü, 1989-cu ildə isə «Neft və qaz yataqlarının işlənməsi» ixtisası üzrə həqiqi üzvü seçilmişdir.

Q.Cəlilov 1954-1958-ci illərdə Azərbaycan EA-nın Neft Ekspedi­si­yasında, 1958-1960-cı illərdə Elmi-Tədqiqat Neftçıxarma İnstitutunda bö­yük elmi işçi vəzifəsində çalışmışdır. Q.Cəlilovun elmi fəaliyyəti 1960-cı ildən Azərbaycan EA Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutu ilə bağlı olmuşdur. Bura­da o, 1961-ci ildən ömrünün sonunadək yeraltı hid­ro­dinamika şöbəsinə rəh­bər­lik etmişdir.

Q.Cəlilov 1974-1988-ci illərdə İnstitutun elmi işlər üzrə direktor müavini və­zi­fəsində çalışmışdır. O, AEA Yer haqqında Elmlər Bölməsinin akademik-katibinin müavini olmuşdur.

Q.Cəlilov yeraltı hidroqazdinamikanın demək olar ki, bütün sahələ­rinin elmi problemlərilə məşğul olmuşdur. Onun rəhbərliyi və bilavasitə iştirakilə aparı­lan elmi tədqiqat işlərinin böyük qismi çatlı, çatlı-məsaməli və böyük yatma dərinlikli yataqların istismarı zamanı onlarda gedən hidro­qazdinamik proses­lə­rin elmi, nəzəri və praktiki problemlərinin öyrənilmə­sinə həsr edil­mişdir. Bu elmi istiqamətlər üzrə tədqiqat işlərinin nəticələri ölkəmizdə və ondan kənarda bu sahənin elmi mütəxəssisləri tərəfindən yük­sək qiymətlən­dirilmiş, bir sıra nəticələr isə öz praktiki tətbiqini tapmışdır.

Q.Cəlilov 2 elm­lər doktorunun elmi məsləhətçisi və 24 fəlsəfə doktorunun elmi rəh­bəri ol­muş­dur.

Q.Cəlilov Beynəlxalq Neftçi-Mühəndislər Cəmiyyətinin üzvü, Azər­baycan Sovet Ensiklopediyasının Texnika Elmləri Redaksiyası üzrə elmi məsləhətçisi olmuşdur.

Q.Cəlilov çoxillik və məhsuldar elmi, ictimai fəaliyyətinə görə «Xalqlar dost­luğu», Azərbaycan SSR Ali Sovetinin və AEA Rəyasət Heyəti­nin Fəxri fərmanları, «Neft sənayesi əlaçısı» nişanı ilə təltif edilmiş, akademik İ.M.Qubkin adına mü­ka­fata layiq görülmüşdür.

Akademik Qurban Cəlilov 2000-ci ildə Bakıda vəfat etmişdir.

(1927-2000)