Əfəndizadə Azad Əli oğlu

Əfəndizadə Azad Əli oğlu 1907-ci il martın 20-də Şamaxı şəhərində anadan olmuş­dur. 1931-ci ildə Leninqrad mühəndis-elektrik fakültəsini bitir­miş­dir. 1945-ci ildə fəlsəfə doktoru, 1952-ci ildə elmlər doktoru elmi dərəcəsini, 1953-cü ildə pro­fessor elmi adını almış, 1969-cu ildə Azər­baycan EA-nın həqiqi üzvü seçilmişdir.

1931-ci ildən XTAŞ energetika idarə­sin­də, Sumqayıt İstilik Elektrik Mərkə­zin­­də, Krasin adına DRES-də axtarış, layihə­lən­dirmə məsələləri ilə məşğul olmuş, 1938-ci ildən ANKİ-də müəllim, professor, Gən­cədə baş ener­getik (1941-1946), 1946-cı ildən AEA-nın Energetika İnstitu­tunda böyük elmi işçi, aparıcı elmi işçi, direktor müavini, direktor (1955-1960), laboratoriya müdiri vəzifələrində işlə­miş­dir. Beynəlxalq Terminolo­giya və Standartlar Komitəsinin üzvü olmuşdur.

A.Əfəndizadənin əsas elmi istiqaməti elektrik intiqalı sistemlərinin avtoma­tik idarə edilməsi, tezliyə görə idarə olunan asin­xron elek­trik intiqa­lının dina­mi­kası və sabit cərəyanlı eninə impulslu modulyasiyalı (EİM) çeviri­cilərin idarə olunması və bu problemlərlə əlaqədar olan elmi nəticələrin xalq təsərrüfatında tətbiq edilməsi ilə bağlıdır. Azərbaycanda neft sənayesi üçün praktiki əhəmiy­yəti və ak­tuallığı ilə seçilən işlərin müəllifi olmuşdur. A.Əfəndizadənin rəhbər­liyi altında Azərbaycan texniki terminologiyası üzrə çox böyük və səmə­rəli iş aparılmış, elektrik intiqalı, elektromexanika və avtomatik idarə olun­ma sahə­sində altıdilli terminlər lüğətləri hazırlanıb çap olunmuşdur.

A.Əfəndizadə 250-dən çox elmi işin və 5 monoqrafiyanın müəlli­fidir.

Əməkdar elm xadimi fəxri adını almış, “Qırmızı Əmək Bayrağı” orde­­ni, Azər­baycan SSR Nazirlər Sovetinin gümüş medalı ilə təltif olunmuşdur.

Akademik Azad Əfəndizadə 1998-ci ildə Bakıda vəfat etmişdir.

(1907-1998)