Əsgərov Bəhram Mehralı oğlu

Əsgərov Bəhram Mehralı oğlu 1933-cü il oktyabrın 5-də Tovuz rayonunun Əhməd­abad kəndində anadan olmuşdur. 1957-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU) fizika ixtisası üzrə bitirmişdir.

1962-ci ildə fizika-riyaziyyat üzrə fəl­səfə doktoru, 1971-ci ildə fizika-riya­ziyyat üzrə elm­lə­r doktoru elmi dərəcəsini, 1972-ci ildə professor elmi adını almış, 2001-ci ildə Azərbaycan MEA-nın müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir.

1962-1966-cı illərdə AEA Fizika İns­titutunda böyük elmi işçi, 1966-1971-ci illərdə Azərbaycan Dövlət Universitetində dosent, 1971-ci ildən ADU-da Bərk cisimlər fizikası kafedrasının müdiri, 1994-cü ildən 2004-cü ilədək elmi işlər üzrə prorektor vəzifələrində işləmişdir.

B.Əsgərovun əsas elmi istiqaməti bərk cisimlərdə köçürmə hadisə­lə­ri­nin klassik və kvant nəzəriyyəsinə aiddir. Bərk cisimlərdə kvantlayıcı maqnit sahə­si olduqda dissipativ termomaqnit cərəyan sıxlığını hesablamaq üçün metod təklif etmişdir. O, termomaqnit effektlərin kvant nəzəriyyəsini verən alimlər­dən biridir. Kvazi ikiölçülü elektron sistemlərdə köçürmə hadisələ­ri­nin nəzə­riy­yəsini vermişdir.

B.Əsgərov 200-dən artıq elmi məqalə, monoqrafiya, kitab və patentin müəllifidir.

Yüksəkixtisaslı kadrların yetişdirilməsi sahəsində də uzunmüddətli elmi-pedaqoji fəaliyyət göstərmişdir. Onun rəhbərliyi altında 10-dan artıq fəlsəfə doktoru və 4 elmlər doktoru dissertasiyası müdafiə edilmişdir.

2004-cü ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir. Elm və texnika sahə­sində Azərbaycan Dövlət Mükafatı Laureatıdır (1974). 2000-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

Akademik Bəhram Əsgərov 2014-cü ildə Bakıda vəfat etmişdir.

 (1933-2014)