Əzizbəyov Şamil Əbdülrəhim oğlu

Ş.Əzizbəyov 1906-cı ildə Aşqabad şə­hə­rində anadan olmuşdur. 1930-cu ildə mü­həndis-geoloq ix­ti­­sası üzrə Azərbaycan Poli­texnik İnstitutunu bitirmişdir.

Ş.Əzizbəyov 1934-cü ildə “Gəncəçay və Qoşqarça­yın orta və aşağı axım hövzə­lərinin dağ sü­xur­ları və faydalı qazıntıları” mövzusunda dis­sertasiya işini müdafiə edə­rək fəlsəfə dok­toru, 1943-cü ildə isə “Kiçik Qafqazın şimal-şərq hissəsinin filiz zonasının petrologiyası” mövzusunda dissertasiya işini müdafiə edə­rək elmlər doktoru elmi dərəcələrini almışdır. 1945-ci ildə Azər­baycan Elm­lər Akademiyasının (AEA) 15 təsisçidən biri olmuş və akademi­yanın həqiqi üzvü, Azərbaycan EA-nın vitse-prezidenti seçilmişdir.

Ş.Əzizbəyov əmək fəaliyyətinə Zaqafqaziya geoloji trestində və Zaqafqaziya nadir metal kəşfiyyatı partiyalarında  başlamışdır.

Ş.Əzizbəyov 1932-ci ildən Azərbaycan Sənaye İnstitutunda (indiki ADNA) peda­qoji fəaliyyətlə məşğul olmuşdur. 1936-cı ildən SSRİ Elmlər Akademiya­sının Azərbaycan Filialında işləmişdir. 1938-1941-ci illərdə Geologiya İnstitutun­da Petroqrafiya şöbəsinə rəhbərlik etmiş və institutun direktor müavini vəzifə­sində işləmişdir. 1941-1944-cü illərdə SSRİ EA-nın Azərbaycan Filia­lının Rəyasət Hey­ətinin sədr müavini seçilmişdir.

Ş.Əzizbəyov 1944-1945-ci illərdə Azərbaycan KP MK-da neft üzrə katib müavini işləmişdir.

Ş.Əzizbəyov 1945-1959-cu illərdə Azərbaycan Sənaye İnstitutunda Kristal­lo­qra­fiya, mine­ralogiya və petroqrafiya kafedrasına rəhbərlik etmiş, 1959-1976-cı illərdə AEA Rəyasət Heyətinin üzvü və Yer haqqında Elmlər  Bölmə­sinin akademik-katibi olmuşdur.

Ş.Əzizbəyov res­publikada petroqrafiya məktəbinin əsasını qoyan­lardan biri olmuşdur. O, Qafqazın quruluşu və inkişafının fundamental problemlərilə məşğul olmuş, maqmatik formasiyaların petrologiyası və metallogeniyasını öyrən­miş, həm­­çinin alp maqmatizmilə filizəmələgəlmə proseslərinin qarşılıqlı qanunauy­ğun­luğunu müəyyən etmiş və vulkanik-tektonik strukturların təkamülünü öyrənmiş­dir. Alim ilk dəfə olaraq Kiçik Qafqazın orogen qranitoidlərinin pelinq xarakterini, onların vulkanogen komplekslər və metallogenik proses­lərlə tamamlanmasını müəyyən etmişdir.

Ş.Əzizbəyov 500-dən artıq elmi əsərin, o cümlədən 8 monoqrafiyanın müəllifi olmuşdur. Onun rəhbərliyilə çoxsaylı elmlər və fəlsəfə doktoru hazırlanmışdır.

Ş.Əzizbəyov Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

Akademik Şamil Əzizbəyov 1976-cı ildə Bakıda vəfat etmişdir.

 (1906-1976)