Hüseynov Cəlil Yusif oğlu

Hüseynov Cəlil Yusuf oğlu 1896-cı il de­kabrın 28-də Nuxa (indiki Şəki) şəhə­rində anadan olmuşdur. Azər­baycan Dövlət Univer­sitetinin Tibb fakültəsini bitirmişdir (1924).

C.Hüseynov 1936-cı ildə elmlər dok­tor­luğu disser­ta­siyası müdafiə etmiş və Patoloji anatomiya kafed­rasının professoru vəzifə­sində işləmişdir. C.Hüseynov 1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1967-ci ildə həqiqi üzvü seçilmişdir.

C.Hüseynov görkəmli alim akademik İ.İ.Şirokoqorovun rəhbərlik et­diyi Pato­loji anatomiya kafedrasında assistent, dosent, professor vəzifə­lərində çalışmış (1924-1946), 1925-ci ildə “Muğan malyariya ekspedisi­ya­sı”nın Cənub-Muğan qrupuna rəhbərlik etmiş, Azərbaycan Dövlət Tibb İnsti­tutunun Patoloji anatomiya kafedra­sının müdiri vəzifəsində (1946-1979) elmi-peda­qoji fəaliyyət göstərmişdir. AR Səhiyyə Nazirliyinin baş patoloq­anatomu olmuşdur (1946-1979).

C.Hüseynov patoloji anatomiya sahəsi üzrə tanınmış görkəmli alim­lərdən biri kimi şöhrət qazanmışdır. Onun elmi fəaliyyətinin əsas istiqamətini malya­riya zamanı nekroz və qanqrenaların, tropik malyariya, qarayara, səpkili yata­laq xəstəliklərinin patomorfologiyası və patogenezinin, həmçinin müxtəlif xəstəliklər zamanı periferik sinir sisteminin patomorfologiyasının öyrənilməsi məsələləri təşkil etmişdir. Onun planlaşdırdığı bu elmi istiqa­mətlər tələbələri tərəfindən də uğurla davam etdirilmişdir.

C.Hüseynov 200-ə yaxın elmi əsərin, monoqrafiya, dərslik və dərs vəsaitləri­nin müəllifi olmuşdur. İlk dəfə Azərbaycan Dövlət Tibb İnstitutu nəz­dində his­tologiya, mikrobiologiya, patoloji anatomiya fənlərindən Azər­bay­can dilində mü­hazirə və praktik dərslər aparmışdır. C.Y.Hüseynovun müəllifliyi ilə Azərbay­can dilində “Ümumi patoloji anatomiya” (1963), “Xüsusi pato­loji anatomiya” dərslikləri tərtib edilmiş (1977) və alim bu kitablarına görə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür (1979). C.Hü­sey­nov eyni zamanda apardığı elmi tədqiqat işlərinin nəticə­lərinin yekunu kimi “Periferik sinir sisteminin – reseptor və sinapsların pato­mor­fologiyası barədə” (1957) və “Patologiya şəraitində və sinapslarda struk­tur dəyişik­liklər (makro-, mikro- və elektronmikroskopik dəyişikliklər)” (1965) adlı 2 klassik monoqrafiyanın müəllifi olmuşdur.

SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının təklifi ilə C.Hü­sey­nov tə­rəfindən histologiya, patoloji anatomiya və patoloji fiziologiya üzrə Azərbaycan dilində tərtib edilmiş 2500 termindən ibarət terminoloji lügət işlənib hazırlan­mışdır. Onun məsləhətçiliyi və rəhbərliyi altında 15 elmlər doktoru, 28 fəl­səfə doktoru dissertasiyası müdafiə olunmuşdur. Alim xarici ölkələrdə təşkil edilən bir sıra beynəlxalq qurultay, konfrans və simpoziumlarda iştirak və elmi məru­zə­lərlə çıxış etmişdir.

C.Hüseynov 1946-cı ildən Azərbaycan Patoloqlar Cəmiyyətinin sədri, 1971-ci ildən Ümumittifaq Patoloji Anatomiya Cəmiyyətinin fəxri üzvü, 1976-cı ildən Azər­baycan Sovet Ensiklopediyası redaksiya şurasının üzvü olmuşdur.

C.Hüseynov Əməkdar elm xadimi fəxri adına layiq görülmüş (1957), sə­mərəli elmi-pedaqoji fəaliyyətinə görə 2 dəfə “Lenin” ordeni, 2 dəfə “Qır­mızı Əmək Bayrağı” ordeni, “Şərəf nişanı” ordeni və bir sıra medallarla təltif edilmişdir.

Akademik Cəlil Hüseynov 21 mart 1979-cu ildə Bakıda vəfat etmişdir.

 (1896-1979)