Hüseynov Cəlil Yusuf oğlu 1896-cı il dekabrın 28-də Nuxa (indiki Şəki) şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsini bitirmişdir (1924).
C.Hüseynov 1936-cı ildə elmlər doktorluğu dissertasiyası müdafiə etmiş və Patoloji anatomiya kafedrasının professoru vəzifəsində işləmişdir. C.Hüseynov 1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1967-ci ildə həqiqi üzvü seçilmişdir. C.Hüseynov görkəmli alim akademik İ.İ.Şirokoqorovun rəhbərlik etdiyi Patoloji anatomiya kafedrasında assistent, dosent, professor vəzifələrində çalışmış (1924-1946), 1925-ci ildə “Muğan malyariya ekspedisiyası”nın Cənub-Muğan qrupuna rəhbərlik etmiş, Azərbaycan Dövlət Tibb İnstitutunun Patoloji anatomiya kafedrasının müdiri vəzifəsində (1946-1979) elmi-pedaqoji fəaliyyət göstərmişdir. AR Səhiyyə Nazirliyinin baş patoloqanatomu olmuşdur (1946-1979). C.Hüseynov patoloji anatomiya sahəsi üzrə tanınmış görkəmli alimlərdən biri kimi şöhrət qazanmışdır. Onun elmi fəaliyyətinin əsas istiqamətini malyariya zamanı nekroz və qanqrenaların, tropik malyariya, qarayara, səpkili yatalaq xəstəliklərinin patomorfologiyası və patogenezinin, həmçinin müxtəlif xəstəliklər zamanı periferik sinir sisteminin patomorfologiyasının öyrənilməsi məsələləri təşkil etmişdir. Onun planlaşdırdığı bu elmi istiqamətlər tələbələri tərəfindən də uğurla davam etdirilmişdir. C.Hüseynov 200-ə yaxın elmi əsərin, monoqrafiya, dərslik və dərs vəsaitlərinin müəllifi olmuşdur. İlk dəfə Azərbaycan Dövlət Tibb İnstitutu nəzdində histologiya, mikrobiologiya, patoloji anatomiya fənlərindən Azərbaycan dilində mühazirə və praktik dərslər aparmışdır. C.Y.Hüseynovun müəllifliyi ilə Azərbaycan dilində “Ümumi patoloji anatomiya” (1963), “Xüsusi patoloji anatomiya” dərslikləri tərtib edilmiş (1977) və alim bu kitablarına görə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür (1979). C.Hüseynov eyni zamanda apardığı elmi tədqiqat işlərinin nəticələrinin yekunu kimi “Periferik sinir sisteminin – reseptor və sinapsların patomorfologiyası barədə” (1957) və “Patologiya şəraitində və sinapslarda struktur dəyişikliklər (makro-, mikro- və elektronmikroskopik dəyişikliklər)” (1965) adlı 2 klassik monoqrafiyanın müəllifi olmuşdur. SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının təklifi ilə C.Hüseynov tərəfindən histologiya, patoloji anatomiya və patoloji fiziologiya üzrə Azərbaycan dilində tərtib edilmiş 2500 termindən ibarət terminoloji lügət işlənib hazırlanmışdır. Onun məsləhətçiliyi və rəhbərliyi altında 15 elmlər doktoru, 28 fəlsəfə doktoru dissertasiyası müdafiə olunmuşdur. Alim xarici ölkələrdə təşkil edilən bir sıra beynəlxalq qurultay, konfrans və simpoziumlarda iştirak və elmi məruzələrlə çıxış etmişdir. C.Hüseynov 1946-cı ildən Azərbaycan Patoloqlar Cəmiyyətinin sədri, 1971-ci ildən Ümumittifaq Patoloji Anatomiya Cəmiyyətinin fəxri üzvü, 1976-cı ildən Azərbaycan Sovet Ensiklopediyası redaksiya şurasının üzvü olmuşdur. C.Hüseynov Əməkdar elm xadimi fəxri adına layiq görülmüş (1957), səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 2 dəfə “Lenin” ordeni, 2 dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, “Şərəf nişanı” ordeni və bir sıra medallarla təltif edilmişdir. Akademik Cəlil Hüseynov 21 mart 1979-cu ildə Bakıda vəfat etmişdir. |
|
(1896-1979) |