Quliyev Ələkbər Məmməd oğlu

Ələkbər Məmməd oğlu Quliyev 27 sentyabr 1911-ci ildə Tiflis şəhə­rində anadan olmuşdur. Azərbaycan Kənd Tə­sərrüfatı İnstitutunu biti­rərək (1934) İnsti­tu­tun Botanika kafedrasında saxlanılmış, əvvəl­cə assistent, daha sonra baş müəllim kimi çalışmışdır. Ə.Quliyev akademik A.A.Qros­sheymin rəhbərliyi ilə Gəncə və Göygöl ra­yonları ərazisində bal və toz verən bitki müx­təlifliyini öyrən­miş, “Kirovabad və Xanlar rayonlarının bal və toz verən bitki­ləri” mövzu­sunda dissertasiya işini müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır (1941). Ə.Quliyev Leninqradda EA-nın V.L.Komarov adına Bota­nika İnstitutunda “Azərbaycanın bal və toz verən bitkilərinin öyrənilmə məsələləri” mövzusu üzrə doktorluq dissertasiyasını müdafiə etmiş və bio­lo­giya elmləri doktoru elmi dərəcəsi almışdır (1950), pro­fessor elmi adı verilmiş (1952), Azərbaycan EA akademiki seçilmişdir (1967).

Ə.Quliyev bir sıra tədris, elmi, dövlət və ictimai vəzifələrdə fəaliyyət göstər­mişdir: Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakül­təsinin dekanı, Seleksiya və sistematika kafedrasının müdiri (1944-1955), Tədris və elmi işlər üzrə prorektor (1955-1959), H.Zərdabi adına Gəncə Pedaqoji İnstitu­tunun rektoru (1959-1960), Azərbaycan Kənd Təsər­rüfatı Akademiyasının bi­rin­ci vitse-prezidenti, 1960-cı ildə Azərbaycan Respub­li­ka­sının Kənd Təsər­rüfatı Naziri təyin edilmişdir. 1962-1970-ci illərdə Azər­baycan Elmlər Akade­mi­yası Genetika və Seleksiya İnstitutunun direktoru, həmin İnstitutun Texniki və yem bitkiləri şöbəsinin müdiri (1962-1983) kimi fəaliyyət göstərmişdir.

Ə.Quliyev 11 monoqrafiyanın, 288-dən çox elmi əsərin, o cümlədən İtaliya, Bolqarıstan, Yaponiyada çap edilmiş 4 elmi məqalənin, 13 sortun (müəlliflik şəhadətnaməsi və patent alinmişdır) müəllifidir. Ə.Quliyevin təcrübəvi mutage­nez, onun bioloji obyektlərdə istifadəsi metodlarının işlənib hazırlanması və tətbiqi sahəsində əvəzolunmaz rolu olmuşdur. Alimin bu sahədəki araşdırma­ları bitkilərdə dəyişkənliyin fundamental əsaslarını müəy­yən etməklə yanaşı, praktiki istifadəsi və son nəticə olaraq pambıq və başqa mədəni bitkilərin yeni, yüksək göstəricilərə malik sortlarının yaradılması ilə nəticələnmişdir. Müəllifi olduğu və təcrübəvi mutagenez metodu ilə yaratdığı "Ağdaş-3" pambıq sortu uzun illərdir ki, yerli və xarici sortlarla rəqabətdə bütün təsərrüfat göstərici­lərinə görə öz üstünlüyünü qoruyub saxlayır. Hazırda "Ağdaş-3" sortu respubli­kamızda pambığın əkin sahələrinin 60%-ni təşkil edir. Bundan başqa o, rayonlaş­mış "AZXİ-1" qarğıdalı və "Azərbay­can" yonca sortunun, DSS-na təqdim olun­muş 7 pambıq, 2 qarğıdalı və  1 yonca sortunun müəllifidir.

Ə.Quliyev elmi və ictimai fəaliyyətinə görə “Şərəf Nişanı” ordeni və bir sıra medallarla, o cümlədən, ”SSRİ Əməkdar ixtiraçısı” fəxri adı ilə təltif olunmuş, Əməkdar elm xadimi adı verilmişdir (1960).

Akademik Ələkbər Quliyev 1983-cü ildə Bakıda vəfat etmişdir.

(1911-1983)