Ələkbər Məmməd oğlu Quliyev 27 sentyabr 1911-ci ildə Tiflis şəhərində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirərək (1934) İnstitutun Botanika kafedrasında saxlanılmış, əvvəlcə assistent, daha sonra baş müəllim kimi çalışmışdır. Ə.Quliyev akademik A.A.Qrossheymin rəhbərliyi ilə Gəncə və Göygöl rayonları ərazisində bal və toz verən bitki müxtəlifliyini öyrənmiş, “Kirovabad və Xanlar rayonlarının bal və toz verən bitkiləri” mövzusunda dissertasiya işini müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır (1941). Ə.Quliyev Leninqradda EA-nın V.L.Komarov adına Botanika İnstitutunda “Azərbaycanın bal və toz verən bitkilərinin öyrənilmə məsələləri” mövzusu üzrə doktorluq dissertasiyasını müdafiə etmiş və biologiya elmləri doktoru elmi dərəcəsi almışdır (1950), professor elmi adı verilmiş (1952), Azərbaycan EA akademiki seçilmişdir (1967).
Ə.Quliyev bir sıra tədris, elmi, dövlət və ictimai vəzifələrdə fəaliyyət göstərmişdir: Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsinin dekanı, Seleksiya və sistematika kafedrasının müdiri (1944-1955), Tədris və elmi işlər üzrə prorektor (1955-1959), H.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun rektoru (1959-1960), Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının birinci vitse-prezidenti, 1960-cı ildə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri təyin edilmişdir. 1962-1970-ci illərdə Azərbaycan Elmlər Akademiyası Genetika və Seleksiya İnstitutunun direktoru, həmin İnstitutun Texniki və yem bitkiləri şöbəsinin müdiri (1962-1983) kimi fəaliyyət göstərmişdir. Ə.Quliyev 11 monoqrafiyanın, 288-dən çox elmi əsərin, o cümlədən İtaliya, Bolqarıstan, Yaponiyada çap edilmiş 4 elmi məqalənin, 13 sortun (müəlliflik şəhadətnaməsi və patent alinmişdır) müəllifidir. Ə.Quliyevin təcrübəvi mutagenez, onun bioloji obyektlərdə istifadəsi metodlarının işlənib hazırlanması və tətbiqi sahəsində əvəzolunmaz rolu olmuşdur. Alimin bu sahədəki araşdırmaları bitkilərdə dəyişkənliyin fundamental əsaslarını müəyyən etməklə yanaşı, praktiki istifadəsi və son nəticə olaraq pambıq və başqa mədəni bitkilərin yeni, yüksək göstəricilərə malik sortlarının yaradılması ilə nəticələnmişdir. Müəllifi olduğu və təcrübəvi mutagenez metodu ilə yaratdığı "Ağdaş-3" pambıq sortu uzun illərdir ki, yerli və xarici sortlarla rəqabətdə bütün təsərrüfat göstəricilərinə görə öz üstünlüyünü qoruyub saxlayır. Hazırda "Ağdaş-3" sortu respublikamızda pambığın əkin sahələrinin 60%-ni təşkil edir. Bundan başqa o, rayonlaşmış "AZXİ-1" qarğıdalı və "Azərbaycan" yonca sortunun, DSS-na təqdim olunmuş 7 pambıq, 2 qarğıdalı və 1 yonca sortunun müəllifidir. Ə.Quliyev elmi və ictimai fəaliyyətinə görə “Şərəf Nişanı” ordeni və bir sıra medallarla, o cümlədən, ”SSRİ Əməkdar ixtiraçısı” fəxri adı ilə təltif olunmuş, Əməkdar elm xadimi adı verilmişdir (1960). Akademik Ələkbər Quliyev 1983-cü ildə Bakıda vəfat etmişdir. |
|
(1911-1983)
|