Rəsulov Məcid Lətif oğlu

Məcid Lətif oğlu Rəsulov 1916-cı il iyu­lun 1-də Şəki şəhərində anadan ol­muş­dur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Fizi­ka-riyaziyyat fakültəsini bitir­mişdir (1938). Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru (1950), fi­zi­ka-riya­ziy­yat üzrə elmləri doktoru (1961) elmi də­rəcələrini, professor elmi adını (1961) al­mış­, 1968-ci ildə AEA-nın müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçil­mişdir.

1938-ci ildə ADU-nun aspiranturasına da­xil olmuş, 1939-1945-ci illərdə hər­bi xid­mət­­də olmuşdur. Azərbaycan Dövlət Universitetində (indiki BDU) aspirant (1938-1949), dosent (1951-1953), Lvov Dövlət Universitetində dosent (1953-1959), professor (1959-1960), ADU-da Riyazi fizika tənlikləri kafedrasının mü­diri (1960-1993) vəzifəsində çalışmışdır.              

M.Rəsulovun elmi fəaliyyəti riyazi fizika tənliklərinə həsr olunmuş və əsa­sən klassik üsullarla həll edilməyən xüsusi törəməli diferensial tənliklər nəzə­riyyəsinin xətti məsələlərinin həlli üsullarının tədqiqi ilə əlaqədardır. Ge­niş sinif birölçülü, çoxölçülü qarışıq məsələlərin tam inteqral çıxıqlar səklində ana­litik göstərilməsi və differensial tənliklər üçün bu məsələlərin həllinin möv­cud­luğunu isbat etmiş, xüsusi törəməli differensial tənliklər nə­zəriyyə­sinin böyük sinif sərhəd, qarışıq və Koşi məsələlərinin həlli üçün çı­xıqlar və kontur inteqralı üsullarını vermişdir. Xətti differensial operatorların spektral nəzəriyyəsi sahə­sindəki, ixtiyari vektor-funksiyanın kontur inteqralı və diffe­rensial tənliklər üçün spektral məsələlərin həllərinin çıxığı üzrə yeni ayrılış düsturlarını vermiş, xətti funksionalın altfəzasında bütün Banax fəza­sına davamının yeganəliyinin zəruri və kafi şərtlərini və baxılan birölçülü xətti differensial operatorun nor­mallığı üçün zəruri və kafi şərtləri müəyyən etmişdir.

Xaricdə monoqrafiyası çap olunan ilk azərbaycanlı riyaziyyatçıdır – 1967-ci ildə "Kontur inteqralı üsulu" monoqrafiyası İngiltərə Kral Riyaziy­yat Cəmiy­yə­tinin sifarişi ilə ingilis dilinə tərcümə edilmiş və Hollandiyada, Amerika Birləş­miş Ştatlarında, Kanadada çap olunmuşdur.

M.Rəsulovun rəhbərliyi altında 20-dən çox fəlsəfə və elmlər doktorluğu dissertasiyaları müdafiə edilmişdir.

“Qafqazın müdafiəsinə görə” medalı, “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunmuşdur.

1989-cu ildə Azərbaycan SSR Əməkdar elm xadimi fəxri adını al­mışdır.

Akademik Məcid Rəsulov 1993-cü ildə Bakıda vəfat etmişdir.

(1916-1993)