Vahabzadə Bəxtiyar Mahmud oğlu

Azərbaycan Milli Elmlər Aka­de­mi­ya­sı­nın hə­­qiqi üzvü Bəxtiyar Mahmud oğlu Va­hab­zadə 1925-ci il avqustun 16-da Şəki şəhə­rin­də ana­dan olmuşdur.

Azərbaycan Dövlət Universitetinin Fi­lo­­lo­­gi­ya fakültəsində təhsil almış (1942-1947), həmin universi­te­tin as­­­pi­ranturasını (1947-1950) bitirmişdir. «Səməd Vur­ğunun lirikası» mövzusunda filo­logiya üz­rə nami­zədlik (1951), «Səməd Vurğunun həyat və yaradıcılığı» mövzusunda doktorluq dis­ser­ta­si­ya­sı (1964) müdafiə etmiş, 1966-cı ildə professor el­mi adını almışdır.

Bədii yaradıcılığa 1943-cü ildə «Ana və şə­­kil» adlı ilk şeirini çap etdir­dikdən sonra baş­la­mışdır. O vaxtdan dövri mətbuatda şeirləri, el­mi məqa­lələri, rəyləri müntəzəm çap olunmuşdur. «Mənim dostlarım» adlı ilk kitabında top­lan­mış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qa­lib çıxmış xalqın duyğu və düşün­cələri poetik ək­si­ni tapmışdır.

B.Vahabzadə1980-ci ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə həqi­qi üzvü seçilmişdir. Bakı Dövlət Uni­versitetinin Müasir Azərbaycan ədəbiy­yatı ka­­fed­rasının professoru olmuşdur.

Azərbaycan ədəbiyyatında görkəmli şair və dramaturq kimi tanınan, çağdaş intellektual p­oezi­yanın, fəlsəfi şeirin təşəkkül və inki­şa­fın­da mühüm xidmətləri olan B.Va­hab­zadə, həm də müasir ədəbi-nəzəri fikir sa­hə­sində özünəməxsus yeri olan alimlə­ri­miz­dən­­dir. Ədəbiyyatşünaslıq sahəsin­də onu daha çox XX əsr ədəbiy­yatının tarixi və nəzəri prob­­lem­ləri, müasir ədəbi prosesin ideya-bə­dii axtarışları maraqlandırmışdır. Alimin monoqra­fi­ya­la­rın­da və ədəbi-tənqidi məqalələrində ədə­­biy­yat­da fikrin bədii ifadəsi, həya­tın ob­raz­lı dərki və s. kimi məsələlər diqqət mər­kə­zi­nə çəkilmişdir. Bu cə­hətlər B.Vahab­za­dənin «Səməd Vurğu­nun lirikası» (1951), «Səməd Vurğu­nun hə­yatı və yaradıcılıq yolu» (1965) təd­qiqatlarında, «Sə­məd Vurğun» mo­no­qra­fi­ya­sında (1984), «Sə­nətkar və zaman» (1976), «Sa­dəlikdə bö­yük­lük» (1978), «Dərin qatlara işıq» (1986), «Gə­lin açıq danışaq» (1989) və s. kitab­larında öz elmi həllini tapmışdır.

O, Azərbaycan Yazıçılar İttifaqının İda­rə He­yətinin və Ağsaqallar Şu­rasının üzvü olmuş (1991), ədəbi-bədii prosesin yorulmaq bil­mə­yən təbliğat­çısı və təş­kilatçısı kimi tanınmışdır.

B.Vahabzadə Azərbaycan Respublika­sı­nın Əməkdar İncəsənət xadimi (1974), Azər­bay­­canın Xalq şairi (1984) Azərbaycan Döv­lət Mü­kafatı lau­reatı (1976), SSRİ Dövlət Mü­ka­fatı laureatı (1984), M.F.Axundov adına ədəbi mü­kafat lau­reatı (1988) olmuş, «Qırmızı Əmək Bay­ra­ğı» ordeni (1975), «Oktyabr in­qi­la­bı» ordeni (1984), «İstiqlal» ordeni (1995) ilə təltif edil­miş, Ankara Dövlət Univer­si­te­ti­nin fəxri dok­to­ru seçilmişdir (1995).

O, Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), 1995-2000-ci il­lər­də Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili seçilmişdir.

Akademik Bəxtiyar Vahabzadə 13 fevral 2009-cu ildə Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.

(1925-2009)