Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Bəxtiyar Mahmud oğlu Vahabzadə 1925-ci il avqustun 16-da Şəki şəhərində anadan olmuşdur.
Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almış (1942-1947), həmin universitetin aspiranturasını (1947-1950) bitirmişdir. «Səməd Vurğunun lirikası» mövzusunda filologiya üzrə namizədlik (1951), «Səməd Vurğunun həyat və yaradıcılığı» mövzusunda doktorluq dissertasiyası (1964) müdafiə etmiş, 1966-cı ildə professor elmi adını almışdır. Bədii yaradıcılığa 1943-cü ildə «Ana və şəkil» adlı ilk şeirini çap etdirdikdən sonra başlamışdır. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunmuşdur. «Mənim dostlarım» adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri poetik əksini tapmışdır. B.Vahabzadə1980-ci ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə həqiqi üzvü seçilmişdir. Bakı Dövlət Universitetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru olmuşdur. Azərbaycan ədəbiyyatında görkəmli şair və dramaturq kimi tanınan, çağdaş intellektual poeziyanın, fəlsəfi şeirin təşəkkül və inkişafında mühüm xidmətləri olan B.Vahabzadə, həm də müasir ədəbi-nəzəri fikir sahəsində özünəməxsus yeri olan alimlərimizdəndir. Ədəbiyyatşünaslıq sahəsində onu daha çox XX əsr ədəbiyyatının tarixi və nəzəri problemləri, müasir ədəbi prosesin ideya-bədii axtarışları maraqlandırmışdır. Alimin monoqrafiyalarında və ədəbi-tənqidi məqalələrində ədəbiyyatda fikrin bədii ifadəsi, həyatın obrazlı dərki və s. kimi məsələlər diqqət mərkəzinə çəkilmişdir. Bu cəhətlər B.Vahabzadənin «Səməd Vurğunun lirikası» (1951), «Səməd Vurğunun həyatı və yaradıcılıq yolu» (1965) tədqiqatlarında, «Səməd Vurğun» monoqrafiyasında (1984), «Sənətkar və zaman» (1976), «Sadəlikdə böyüklük» (1978), «Dərin qatlara işıq» (1986), «Gəlin açıq danışaq» (1989) və s. kitablarında öz elmi həllini tapmışdır. O, Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqallar Şurasının üzvü olmuş (1991), ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınmışdır. B.Vahabzadə Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi (1974), Azərbaycanın Xalq şairi (1984) Azərbaycan Dövlət Mükafatı laureatı (1976), SSRİ Dövlət Mükafatı laureatı (1984), M.F.Axundov adına ədəbi mükafat laureatı (1988) olmuş, «Qırmızı Əmək Bayrağı» ordeni (1975), «Oktyabr inqilabı» ordeni (1984), «İstiqlal» ordeni (1995) ilə təltif edilmiş, Ankara Dövlət Universitetinin fəxri doktoru seçilmişdir (1995). O, Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), 1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili seçilmişdir. Akademik Bəxtiyar Vahabzadə 13 fevral 2009-cu ildə Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir. |
|
(1925-2009)
|