Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş həqiqi üzvlər

Tağıyev Bahadır Hüseyn oğlu

Bahadır Hüseyn oğlu Tağıyev 1934-cü il martın 13-də Masallı rayonunun Türkoba kəndində anadan olmuşdur. O, 1956-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu "Fizika" ixtisası üzrə bitirmişdir.

Alim 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutun­da əmək fəaliyyətinə başlamış, bu elmi müəssisədə aspirant, elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır. 1996-2009-cu illərdə Milli Aviasiya Akademiyasında əvəzçi professor olmuş, 2009-cu ildən isə bu qurumun Ümumi və tətbiqi fizika kafedrasının müdiri idi.

B.Tağıyev 1965-ci ildə fizika üzrə fəlsəfə, 1978-ci ildə fizika üzrə elmlər doktoru elmi dərəcələrini, 1984-cü ildə professor elmi adını almışdır. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir.

Fizik alim tərəfindən müxtəlif kristal quruluşu olan (zəncirvari, laylı, kubik və s.) elementar (selen) və mürəkkəb yarımkeçiricilərdə 77-300K temperatur intervalında, qüvvətli elektrik sahəsində (10-105 V/sm) elektrik keçirmə mexanizminin yüksək daşıyıcıların injeksiyası və termoelektron ionlaşma ilə əlaqədar olması müəyyənləşdirilmişdir. Yüksək müqavimətli və enli zolaqlı yarımkeçiricilərdə injeksiya olunmuş yükdaşıyıcıların dərin tələlər tərəfindən tutulmaları ilə bağlı olan elektret və fotoelektret effekti aşkar edilmiş, bu effektlər əsasında müxtəlif çeviricilər hazırlanmışdır. Nadir torpaq elementləri ilə aktivləşdirilmiş CaGa2S4 tipli birləşmələr əsasında mexanizmi atomdaxili elektron keçidləri ilə bağlı olan sarı, mavi, yaşıl və qırmızı rəngli effektiv şüalanma alınmış, Bakı “Azərelektrik işıq” İstehsalat Birliyində həmin rənglərdə lümenessent lampaları istehsal olunmuşdur.

O, 350 elmi məqalə, o cümlədən 40-a yaxın müəllif şəhadətnaməsi və patentin müəllifi idi. Alimin rəhbərliyi altında 30 fəlsəfə və 10 elmlər doktoru yetişdirilmişdir.

Akademik B.Tağıyev elm və təhsil sahəsindəki fəaliyyətinə görə, “Şərəf nişanı”, "Şərəfli əməyə görə” medalı, Dövlət Mükafatı laureatı və "Şöhrət" ordeninə layiq görülmüşdür.

Akademik Bahadır Tağıyev 2020-ci il yanvarın 7-də 86 yaşında vəfat edib.

(1934-2020)