İbrahimov İsmayıl Əli oğlu

İbrahimov İsmayıl Əli oğlu 1915-ci il de­kabrın 31-də Ordubad şəhərində anadan ol­muşdur. 1941-ci ildə nəzarət ölcü cihazları və avto­matika ixtisası üzrə Azərbaycan Sənaye İns­titu­tunu bitirmişdir. 1964-cü ildə texnika elmləri dok­toru elmi dərəcəsini, 1968-ci ildə professor elmi adını almış, 1968-ci ildə AEA-nın müx­bir üzvü, 1980-ci ildə həqiqi üzvü seçilmişdir.

1941-45-ci illərdə Böyük Vətən müha­ri­bəsində iştirak etmişdir. 1946-cı il­dən Azər­bay­can Neft və Kimya İns­titutunda baş laborant, assistent, baş müəl­lim, dosent, professor, kafedra müdiri, partiya komitəsinin katibi, rektor (1960-1970, 1978-1988), elmi məsləhətçi (1988-1997) vəzi­fə­lərində işləmişdir. 1997-ci ildən AEA Kibernetika İnstitutunda (indiki İdarə­etmə Sistemləri İnsti­tu­tu) baş elmi işçi vəzifəsində çalışmışdır.

Azərbaycan SSR yerli sovetlərinin (1950-60), Ali Sovetinin (1960-70, 1980-90), SSRİ Ali Sovetinin (1970-80) deputatı, Azərbaycan şəhər və ra­yon partiya komitələrinin üzvü (1952-1971), 1962-88-ci illərdə İttifaq nazir­liyinin elmi-me­to­dik şurasının sədri, Azərbaycan SSR Nazirlər Soveti səd­rinin birinci müa­vini (1970-78) olmuşdur. 1988-ci ildən Sovet Uşaq Fondu­nun Azərbay­can şöbəsinin, 1991-ci ildən Azərbaycan Uşaq Fondunun sədri, Uşaq Fondları Beynəlxalq Asso­si­asiyasının vitse-prezidenti, Res­pub­lika Elmi Təd­qiqatların Əlaqələn­diril­məsi Şurasının İdarəetmə sistemləri və informatika problemləri üzrə Elmi Şuranın sədri olmuşdur.

İ.İbrahimov avtomatik nəzarət idarəetmə, informatika intellektual və qeyri-səlis sistemlərinin təhlili və tətbiqi sahəsində mütəxəssis olmuşdur. 40-dan çox fəlsəfə və elmlər doktoru hazırlamaqla öz elmi məktəbini yaratmışdır. 140 elmi işin, dərsliklərin, elmi-metodiki və tarixi kitabların müəllifidir. SSRİ Ali və Xüsusi Orta Təhsil Nazirliyinin Elmi-metodiki Şurasının neft bölməsinin üzvü, SSRİ “Ali məktəblərinin Elmi xəbərləri”, Ümumittifaq “Neft və qaz” jurnalının redaktoru olmuşdur.

1941-1945-ci illərdə “Vətən müharibəsi” ordenləri (1 və 2 dərəcəli), 3 “Qırmızı Əmək Bayrağı” ordeni (1961, 1967, 1976), “Oktyabr İnqilabı” ordeni (1971), 2 “Le­nin” ordeni, “Qırmızı ulduz” ordeni, Almaniya Demok­ratik Respublikasının ordeni, “İgidliyə görə” medal ilə təltif olunmuşdur.

Azərbaycan Respublikasının Əməkdar elm xadimi (1981), Elm və tex­nika sahəsində SSRİ Dövlət Mükafatı Laureatıdır (1983). SSRİ-nin fəxri neft­çisi (1985), Sosialist Əməyi Qəhrəmanı (1986) adına layiq görülmüşdür.

İ.İbrahimov 16 iyul 2016-cı ildə vəfat etmişdir.

(1915-2016)