İbrahimov İsmayıl Əli oğlu 1915-ci il dekabrın 31-də Ordubad şəhərində anadan olmuşdur. 1941-ci ildə nəzarət ölcü cihazları və avtomatika ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. 1964-cü ildə texnika elmləri doktoru elmi dərəcəsini, 1968-ci ildə professor elmi adını almış, 1968-ci ildə AEA-nın müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü seçilmişdir.
1941-45-ci illərdə Böyük Vətən müharibəsində iştirak etmişdir. 1946-cı ildən Azərbaycan Neft və Kimya İnstitutunda baş laborant, assistent, baş müəllim, dosent, professor, kafedra müdiri, partiya komitəsinin katibi, rektor (1960-1970, 1978-1988), elmi məsləhətçi (1988-1997) vəzifələrində işləmişdir. 1997-ci ildən AEA Kibernetika İnstitutunda (indiki İdarəetmə Sistemləri İnstitutu) baş elmi işçi vəzifəsində çalışmışdır. Azərbaycan SSR yerli sovetlərinin (1950-60), Ali Sovetinin (1960-70, 1980-90), SSRİ Ali Sovetinin (1970-80) deputatı, Azərbaycan şəhər və rayon partiya komitələrinin üzvü (1952-1971), 1962-88-ci illərdə İttifaq nazirliyinin elmi-metodik şurasının sədri, Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini (1970-78) olmuşdur. 1988-ci ildən Sovet Uşaq Fondunun Azərbaycan şöbəsinin, 1991-ci ildən Azərbaycan Uşaq Fondunun sədri, Uşaq Fondları Beynəlxalq Assosiasiyasının vitse-prezidenti, Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının İdarəetmə sistemləri və informatika problemləri üzrə Elmi Şuranın sədri olmuşdur. İ.İbrahimov avtomatik nəzarət idarəetmə, informatika intellektual və qeyri-səlis sistemlərinin təhlili və tətbiqi sahəsində mütəxəssis olmuşdur. 40-dan çox fəlsəfə və elmlər doktoru hazırlamaqla öz elmi məktəbini yaratmışdır. 140 elmi işin, dərsliklərin, elmi-metodiki və tarixi kitabların müəllifidir. SSRİ Ali və Xüsusi Orta Təhsil Nazirliyinin Elmi-metodiki Şurasının neft bölməsinin üzvü, SSRİ “Ali məktəblərinin Elmi xəbərləri”, Ümumittifaq “Neft və qaz” jurnalının redaktoru olmuşdur. 1941-1945-ci illərdə “Vətən müharibəsi” ordenləri (1 və 2 dərəcəli), 3 “Qırmızı Əmək Bayrağı” ordeni (1961, 1967, 1976), “Oktyabr İnqilabı” ordeni (1971), 2 “Lenin” ordeni, “Qırmızı ulduz” ordeni, Almaniya Demokratik Respublikasının ordeni, “İgidliyə görə” medal ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Əməkdar elm xadimi (1981), Elm və texnika sahəsində SSRİ Dövlət Mükafatı Laureatıdır (1983). SSRİ-nin fəxri neftçisi (1985), Sosialist Əməyi Qəhrəmanı (1986) adına layiq görülmüşdür. İ.İbrahimov 16 iyul 2016-cı ildə vəfat etmişdir. |
|
(1915-2016)
|