AMEA Rəyasət Heyətinin elan etdiyi müsabiqənin qalibi olmuş 21 gənc alimə qrant mükafatı veriləcək.
Müsabiqəyə AMEA-nın 37 gənc alimi son 3 ildə əldə etdikləri elmi nəticələri təqdim etmişdir. Elmi nəticələrin ekspertizası və qiymətləndirilməsi Komissiya tərəfindən həyata keçirilmişdir. İddiaçıların nəticələri elmi-praktiki əhəmiyyətinə görə 3 kateqoriya üzrə qiymətləndirilmiş və AMEA Rəyasət Heyətinə 21 gənc alimə bu kateqoriyalar üzrə qrant mükafatının verilməsi təklif edilmişdir.
AMEA Rəyasət Heyətinin qərarı ilə müsabiqənin 1-ci kateqoriya üzrə 8 qalibinə 2500 manat, 2-ci kateqoriya üzrə 10 qalibinə 2000 manat, 3-cü kateqoriya üzrə isə 3 qalibinə 1500 manat pul mükafatı müəyyən olunub.
Xatırladaq ki, AMEA prezidentinin 20 may 2014-cü il tarixli sərəncamına əsasən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının maliyə dəstəyi ilə gənc alimlər üçün AMEA Rəyasət Heyətinin qrant müsabiqəsi elan edilmişdir. Müsabiqənin keçirilməsində əsas məqsəd 28 May – Respublika günü münasibətilə aktual elmi problemlərin həlli ilə bağlı elmi tədqiqatlar aparan gənc alimlərin fəaliyyətini stimullaşdırmaq vә onlara әlavә yaradıcılıq imkanları yaratmaq idi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.