Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Botanika İnstitutunda “Bitki fitoplazmalarının molekulyar təyini” mövzusunda elmi-praktiki seminar keçirilib
13.11.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Botanika İnstitutunda “Bitki fitoplazmalarının molekulyar təyini” mövzusunda elmi-praktiki seminar keçirilib

13 noyabr 2014-cü il tarixində Bakı şəhərində Avropa Birliyində Birləşmiş Millətlər Təşkilatının Regionlararası Cinayət və Hüquq Tədqiqatları İnstitutunun (UNİCRİ) və AMEA Botanika İnstitutunun Bioloji Məhsuldarlığın Fundamental Problemləri şöbəsinin təşkilatçılığı ilə “Bitki fitoplazmalarının molekulyar təyini”nə həsr olunmuş elmi-praktiki seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin Bioadaptasiya laboratoriyasının müdiri, akademik İradə Hüseynova seminar iştirakçılarını salamlayıb, tədbir haqqında ətraflı məlumat verərək onun əhəmmiyyətini vurğulayıb. Qeyd edib ki, elmi-praktiki seminar Avropa Birliyində Birləşmiş Millətlər Təşkilatının Regionlararası Cinayət və Hüquq Tədqiqatları İnstitutunun (UNİCRİ) “Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində biotəhlükəsizliyin və biomüdafiə imkanlarının gücləndirilməsi“ proqramı çərcivəsində “Azərbaycana idxal olunan kənd təsərrüfatı bitkilərinin, toxumların müxtəlif xəstəliklərinin və GMO məhsulların molekulyar diaqnostikası“ adlı layihə üzrə keçirilir və “Fitoplazmaların molekulyar diaqnostikası”na həsr olunub. Bugünkü tədbir bu layihə üzrə həyata keçirilən ikinci regional elmi-praktiki seminardır. İlk seminar “Bitki viruslarının molekulyar təyini” mövzusunda fransız alimlərinin iştirakı ilə 16-18 sentyabr tarixində keçirilmişdir.

Həmçinin qeyd olunub ki, bütün dünyada bitkilərin patogenlərdən, xüsusilə virus və fitoplazmalardan müdafiəsi iqtisadi cəhətdən əhəmiyyətli problem olmaqla yanaşı, müasir elmi-tədqiqatların əsas prioritet istiqamətlərindən biridir. Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da kənd təsərrüfatı iqtisadiyatda qabaqcıl yerlərdən birini tutur. Strateji əhəmiyyətli kənd təsərrüfatı bitkilərində müxtəlif xəstəliklər törədən patogenlərin, xüsusilə də, daha təhlükəli olan virus və fitoplazmaların tədqiqi çox aktual problemdir və ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün çox mühümdür. Azərbaycanda fitoplazma xəstəliklərinin tədqiqinə ilk dəfə olaraq 2005-ci ildə AMEA Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsində akademik Cəlal Əliyevin rəhbərliyi altında başlanılmış və bu gün də uğurla davam etdirilir. Qısa müddət ərzində bu sahədə mühüm nəticələr əldə edilmiş və alınan nəticələr bir sıra yüksək impakt faktorlu jurnallarda çap olunmuşdur. Virus və fitoplazmaların tədqiqi sahəsində laboratoriyamız Avropanın ən aparıcı elmi-tədqiqat mərkəzləri ilə sıx elmi əməkdaşlıq edir. Laboratoriyamızda bu sahədə bir fəlsəfə doktorluq işi və bir neçə bakalavr, magistr işləri yerinə yetirilmişdir.

Seminar Bioadaptasiya laboratoriyasının elmi işçisi, b.ü.f.d. Gülnarə Balakişiyevanın “Bitkilərin fitoplazma xəstəlikləri” mövzusunda məruzəsi ilə davam edib.

Nəzəri hissədən sonra seminar öz işini laboratoriya şəraitində praktiki məşğələlərlə davam etdirib. Fitoplazma xəstəliyinin xarakterik əlamətlərinə malik tərəvəz və üzüm bitkilərindən gövdə və yarpaq nümunələri götürülüb. Gənc alim və mütəxəssislərin iştirakı ilə toplanmış yarpaq nümünələrinin mərkəzi damarlarından və gövdələrin floema qatından klassik CTAB metodu ilə DNT ekstraksiya olunub. Nümunələrin təmizlik dərəcələri və qatılıqları spektrofotometrik üsulla ölçülüb və fitoplazmalar üçün universal praymer cütlükləri ilə Nested PZR qoyularaq yuyulub.

AMEA Botanika İnstitutu, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Elmi-Tədqiqat Əkinçilk İnstitutu, Bakı Dövlət Universitetinin Biologiya və Ekologiya fakültələri, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Aqrobiznes Assosiasiyasından olan gənc alim və mütəxəssislər, doktorantlar və tələbələrin iştirakı ilə belə bir tədbirin Bakıda keçirilməsi gənc tədqiqatçıların yeni metodları mənimsəməsi yolunda əhəmiyyətli addımdır.

Tədbir 14 noyabr tarixinədək öz işini davam etdirəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: