Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Lerikdə tələbələrin "Arxeoloji" düşərgəsi təşkil edilib
16.07.2018 10:51
  • A-
  • A
  • A+

Lerikdə tələbələrin "Arxeoloji" düşərgəsi təşkil edilib

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d. Ceyhun Eminlinin rəhbərlik etdiyi Antik dövr üzrə Lerik arxeoloji ekspedisiyası nəzdində respublikanın ali təhsil müəssisələri tələbələrinin iştirak etdiyi "Arxeoloji" düşərgə fəaliyyətə başlayıb.

Gənclər və İdman Nazirliyi, Arxeologiya və Etnoqrafiya İnstitutu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə layihəsi olan "Arxeoloji" düşərgənin məqsədi tələbələri Azərbaycan tarixi barədə əyani məlumatlandırmaq və onları elmi-tədqiqat fəaliyyətinə cəlb etməkdir.

Ali təhsil müəssisələrinin tələbələrindən ibarət arxeoloji düşərgələrin təşkili Prezident İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın müvafiq bəndinə (Gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdıran tədbirlər həyata keçirmək) və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.5.6 bəndinə (Yay tətili müddətində ali və orta ixtisas təhsili müəsissələri tələbələrinin iştirakı ilə arxeoloji və digər ixtisas qrupları üzrə təcrübə düşərgələrinin təşkil edilməsi) uyğun olaraq gerçəkləşir.

Tələbələr t.ü.f.d. Ceyhun Eminlinin rəhbərliyi ilə Lerikin Gürdəsər kəndi yaxınlığındakı Piboztəpə antik dövr nekropolunda tədqiqatlar aparır, bölgənin və respublikamızın tarixi barədə məlumatlar əldə edir, Lerikin təbiəti, tarixi abidələri, qədim keçmişi və etnoqrafik irsi ilə tanış olurlar.

"Arxeoloji" düşərgə iyulun 20-dək davam edəcək. Düşərgədə fəaliyyət göstərmiş tələbələrə Gənclər və İdman Nazirliyi tərəfindən sertifikatlar təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

       

  • Paylaş: