Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Sabiq prezidentlər

Abdullayev Həsən Məmmədbağır oğlu

Abdullayev Həsən Məmmədbağır oğlu (20 Avqust 1918-ci il, Naxçıvan MR-1 Sentyabr 1993-cü il, Bakı)

1970-ci ildən 1983-cü ilədək Azərbaycan Elmlər Akademiyasının prezidenti.
1955-ci il - AEA-nın müxbir üzvü, 1967-ci il – AEA-nın akademiki.
1968-1970-ci illər - AEA-nın Fizika və Riyaziyyat bölməsinin akademik-katibi.
1970-ci ildən - SSRİ və Rusiya Elmlər Akademiyasının müxbir üzvü.
1957-ci ildən - AEA-nın Riyaziyyat və Fizika ETİ-nun direktoru.
1957-1993-ci illər - Fizika Elmi-Tədqiqat İnstitutun banisi və əvəzsiz direktoru.
1968-1993-ci illər - SSRİ EA-nın Ümumi Fizika və Astronomiya bölməsinin, SSRİ EA Prezidiumunun “Yarımkeçiricilərin fizika və kimyası” elmi şurasının üzvü; SSRİ Ali Attestasiya Komissiyasının (AAK) üzvü.
1970-1984-ci illərdə - 4 dəfə SSRİ və Azərbaycan Ali Sovetinin deputatı.

Akademik H.Abdullayev – ümumdünyəvi fizika elminin əsas simalarından biridir ( prof. Lutfi Zade , Berkli Universiteti , ABŞ).

H.Abdullayev A.F.İoffe adına Texniki Fizika İnstitutunda elmi fəaliyyətə başlamışdır. A.F.İoffenin şagirdi və silahdaşı olaraq Abdullayev TFİ-da işləyən görkəmli alimlər arasında özünə məxsus ləyaqətli yer tutur. Dərin biliyə və böyük erudisiyaya malik olan H.Abdullayevin fəaliyyətinə məxsus olmuş önəmli xarakter -onun elmi tədqiqatlarının mühüm praktiki məsələlərin həlli ilə əlaqələndirilməsi idi. H.Abdullayevin elmi fəaliyyətinin əsas istiqaməti – mühüm şərtlər daxilində aşqarların, güclü maqnit və elektrik sahələrinin, yüksək təzyiqin, aşağı və ifrataşağı temperaturların birgə təsiri ilə yarımkeçirici maddələrin geniş əhatəsinin yaradılması və tədqiqi idi. O dünya elmini müxtəlif elmi nəaliyyətləri ilə zənginləşdirmişdir. (Jores Alferov, Nobel Mükafatı laureatı).

Akademik Abdullayev – Azərbaycanda yarımkeçiricilər fizikası məktəbinin banisidir. Azərbaycan dilində ilk elmi kitabın müəllifidir (1952).

H.Abdullayev selenin bioloji proseslərdə, selen və tellurun mürəkkəb birləşmələri əsasında yaradılmış yarımkeçirici cihazlar fizikasında rolunutədqiq etmiş və mühüm elmi nəticələrə nail olmuşdur. İlk dəfə olaraq Selenin spesifik xüsusiyyətlərini, elementin xassələrinin idarə yollarını tapmış və izah etmiş, eləcə də onların əsasında bir sıra cihazlar yaratmışdır. Mürəkkəb yarımkeçiricilərin yeni sinfini, Se və Te-un ikiqat və üçqat birləşmələrinin yeni qruplarını kəşf etmiş, elektrik yaddaşı ilə idarə olunan diodları və spektrin görünən və infraqırmızı oblastlarında qəbuledici kimi tətbiq olunan mürəkkəb yarımkeçiricilər təklif etmişdir.

Bilavasitə onun rəhbərliyi altında lazerlər və yaddaş elementləri üçün mürəkkəb kimyəvi tərkibə malik yarımkeçirici monokristalların alınması üzrə böyük kompleks işlər həyata keçirilmiş və ilk dəfə olaraq, mikroelektronika və lazer texnikası üçün perspektiv olan, əvvəllər məlum olmayan üçqat və dördqat izotrop yarımkeçirici birləşmələr qrupu alınmışdır, çeviricilərin müxtəlif növləri, yeni fiziki prinsiplər üzrə işləyən, elektrik yaddaşını uzun müddət qoruyan çevirici cihazlar, kvant generatorları, şüalanma qəbulediciləri və s. yaradılmışdır.

Akademik H.Abdullayev elmin misilsiz təşkilatçılarından idi. Azərbaycanda elmi ictimaiyyətin təşəkkülündə onun rolu olduqca böyükdür. O öncədən bilirdi ki, elm - gələcəyin zəmanətçisidir və bunun naminə də yaşadı.

H.Abdullayevin təşəbbüsü və bilavasitə iştirakı ilə 1957-ci ildə Fizika İnstitutu SSRİ-də yarımkeçirici materialların tədqiqinə və tibbi termoelektrik qurğuların əlaqələndirilməsinə, sintetik naften turşularının və maqnit yarımkeçiricilərin problemlərinin işlənib hazırlanmasına görə əsas təşkilat təsdiq olundu.

1947-ci ildən ilk dəfə olaraq Bakıda fizika üzrə ümumşəhər seminarlarını təşkil etmişdir və sonradan bu seminarlar “Abdullayev seminarları” adını almışdır.

O, 17 monoqrafiyanın, 1000-dən çox elmi məqalənin, 700 yaxın SSRİ şəhadətnaməli ixtiranın, 40 ədəd ABŞ, Fransa, Almaniya, İngiltərə və d. xarici patentin müəllifi, 200-dən çox doktorluq və namizədlik dissertasiyasının rəhbəri olmuşdur.

Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə H.Abdullayev Azərbaycan elminin yüksəlişi və dünya arenasına çıxmasına yönəlmiş tələblərinə son dərəcə həssaslıqla yanaşmış,yüksək təşkilatçılıq və təşəbbüskarlıq göstərmişdir.

H.Abdullayevin təşəbbüsü və rəhbərliyi altında yaradılmışdır:

1959-cu ildə- Astrofizika bölməsinin bazası əsasında Şamaxı Astrofizika Rəsədxanası
1965-ci ildə- Hesablama mərkəzi əsasında Kibernetika İnstitutu
1967-ci ildə- Naxçıvanda Batabat Astrofizika Rəsədxanası
1969-cu ildə- Radiasiya tədqiqatları sektoru, sonradan Radiasiya Problemləri İnstitutu, indiki Milli Nüvə Tədqiqatları Mərkəzi
1970-ci ildə - NPO “Ulduz”, ”Nord”, “Azon”, “İskra”, “Tellur”, “Billur” (1968)
1972- ci il - Naxçıvan Elm Mərkəzi, hazırda AMEA-nın Naxçıvan Bölməsi
1972- ci il- Neftkimya prosesləri İnstitutunun nəzdində təcrübə-istehsalat zavodu
1973-cü il - Tətbiqi Fizika İnstitutunun filialı, hal-hazırda Fotoelektronika İnstitutu təcrübə zavodu ilə
1973-cü il - Şəki Zonal Elmi Bazası- hal-hazırda Şəki Reqional Elmi Mərkəzi
1974-cü il - Az.SSR EA nəzdində “Kaspi” Elm Mərkəzi, 1992-ci ildən Az.Aerokosmik Agentliyi
1975-ci il - Fizika İnstitutunda Yüksək Enerjilər fizikası laboratoriyası; Nüvə tədqiqatları İnstitutu (Dubna ş.) və Yüksək enerjilər fizikası İnstitutu (Serpuxov ş.) ilə birgə tədqiqatlar.
1976-cı il - Az.SSR EA Geologiya İnstitutunda Yer Fizikası bölməsi
1976-cı il - Mehdiabadda üzümçülük və şərabçılıq elmi-tədqiqat İnstitutu
1978-ci il - Yer kürəsi təbii sərvətlərin kosmik tədqiqatı İnstitutu
1978- ci il - “Kibernetika” XKB, CKTBM “Kristal” təcrübə zavodu ilə
1978- ci il - Təcrübə zavodu ilə birlikdə Darıdağ XK Texnoloji büro
1979-cu il - Xanlar regionunda Ağsu elmi- tədqiqat bazası
1981-ci il - “Selen” təcrübə zavodu, XKB “Registr”, Reagent (1982), XKB
“Kristal” (Bakı1985).
 (1918-1993)