Ramiz Mehdiyev 1938-ci il aprelin 17-də Bakı şəhərində anadan olub.
1957-ci ildə Bakı Dənizçilik Məktəbini bitirdikdən sonra “Xəzərdənizneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyinin “Xəzərneftdonanma” İdarəsində işləyib.
1961-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (hal-hazırkı Bakı Dövlət Universiteti) Tarix fakültəsinə daxil olmuşdur. 1965-ci ildə V kurs tələbəsi ikən Azərbaycan LKGİ MK-nın tələbə gənclər şöbəsində təlimatçı vəzifəsinə təyin edilib, 1967-68-ci illərdə Azərbaycan LKGİ Naxçıvan Vilayət Komsomol Komitəsinin ikinci katibi vəzifəsində çalışıb.
1968-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəlsəfə fakültəsinin aspiranturasına daxil olmuş, 1972-ci ilin mayında Moskva Dövlət Universitetinin Müdafiə Şurasının iclasında fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiyasını müdafiə etmişdir.
1972-ci ildən Azərbaycan Dövlət Universitetinin Elmi kommunizm kafedrasında əvvəl müəllim, sonra isə baş müəllim vəzifəsində çalışıb.
1974-cü ilin mayında Azərbaycanda KP MK aparatında Təbliğat və təşviqat şöbəsində mühazirəçi vəzifəsinə irəli çəkilib. 1976-cı ilin iyununda Azərbaycan KP MK Elm və tədris müəssisələri şöbəsinin müdir müavini vəzifəsinə təsdiq olunub. 1978-ci ilin oktyabrında Azərbaycan KP 26 Bakı komissarı adına Rayon Komitəsinin birinci katibi seçilib.
1980-ci ilin iyununda Azərbaycan KP MK-nin Elm və təhsil müəssisələri şöbəsinin müdiri, 1981-ci ilin yanvarında isə Azərbaycan KP MK-nin Təşkilat-partiya işi şöbəsinin müdiri təyin edilib.
1982-ci ilin dekabrında Azərbaycan KP MK-nın katibi seçilib. 1988-ci ilin mayında MK-nın plenumunda respublika rəhbərliyinin dəyişməsi ilə əlaqədar Azərbaycan KP MK katibi vəzifəsindən azad olunmuş və 1988-ci ilin iyununda Azərbaycan SSR Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun şöbə müdiri təyin olunmuşdur.
1980-1990-cı illərdə iki çağırış Azərbaycan Ali Sovetinin deputatı, 1995-ci ildə isə Azərbaycan Milli Məclisinin üzvü seçilib. 4 fevral 1994-cü ildən 7 fevral 1995-ci ilədək Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ümumi şöbəsinin müdiri vəzifəsində işləyib. 7 fevral 1995-ci ildən 23 oktyabr 2019-cu ilədək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri olmuşdur. Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən sonra Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının üzvü təyin edilib.
2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olmuşdur.
“Qırmızı Əmək Bayrağı” ordeni, “İstiqlal” ordeni, “Şərəf” ordeni, “Şöhrət” ordeni, “Heydər Əliyev” ordeni və digər mükafatlara layiq görülüb.