Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Arif Akim oğlu Abbasov 1937-ci il dekabrın 22-də Naxçıvan şəhərində anadan olmuşdur. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinə daxil olan A.Abbasov 1961-ci ildə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda işə qəbul olunmuş və bütün sonrakı həyatını elmə həsr etmişdir.
A.Abbasov təcrübə keçmək üçün Moskvaya – SSRİ EA-nın Etnoqrafiya və Antropologiya İnstitutuna ezam edilmiş, oradan qayıtdıqdan sonra isə elmi tədqiqat işlərini davam etdirmiş, etnoqrafiyanın Azərbaycanda yeni olan etnososioloji və etnomədəni proseslər istiqamətləri üzrə araşdırmalar aparmışdır. A.Abbasov 1974-cü ildə Tbilisi şəhərində “Azərbaycan dağ-mədən sənayesi işçilərinin müasir məişət və mədəniyyəti” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Bir müddət Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətində Elm Tarixi üzrə Elmi Şuranın elmi katibi vəzifəsində çalışdıqdan sonra o, 1978-ci ildə yenidən Tarix İnstitutuna qayıtmış və burada elmi işlər üzrə direktor müavini vəzifəsində işə başlamışdır. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1982-ci il 25 may tarixli qərarına əsasən Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya Sektoru nəzdində Etnososioloji tədqiqatlar şöbəsi yaradılmış və şöbəyə rəhbərlik A.Abbasova həvalə edilmişdir. 1993-cü ildə isə Arxeologiya və Etnoqrafiya Sektoru İnstituta çevrilmiş və A.Abbasov həmin İnstitutun ilk direktoru olmuşdur. A.Abbasov 1995-ci ildə “Azərbaycanın yeni şəhərlərinin həyat tərzi (etnososioloji tədqiqat)” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru alimlik dərəcəsi almış, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. A.Abbasovun müasir Azərbaycan etnoqrafiya elminin inkişafında böyük xidmətləri olmuşdur. Belə ki, Azərbaycan etnoqrafiyasının bir sıra aktual problemləri, o cümlədən etnososioloji, etnomədəni, etnodemoqrafik və etnostatistik proseslərin ilk dəfə araşdırılması bilavasitə A.Abbasovun adı ilə bağlıdır. Onun rəhbərliyi altında institut bir sıra beynəlxalq elmi konfranslar təşkil etmiş, müxtəlif xarici ölkələrlə elmi əməkdaşlıq əlaqələri qura bilmişdir. Bundan başqa, Arxeologiya və Etnoqrafiya İnstitutunun YUNESKO-nun “Böyük İpək Yolu” və İNTAS-2000 proqramlarında yaxından iştirak etməsində də A.Abbasovun böyük əməyi olmuşdur A.Abbasov Ümummilli Liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində reallaşan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin keçdiyi ərazilərin arxeoloji abidələrinin tədqiqi ilə bağlı geniş fəaliyyət proqramı həyata keçirmişdir. O, dəfələrlə Fransa, Türkiyə, İtaliya, Rumıniya, Polşa, Almaniya, ABŞ və s. ölkələrdə keçirilən beynəlxalq konfrans və konqreslərdə Azərbaycan etnoqrafiya elmini layiqincə təmsil etmişdir. A.Abbasov Azərbaycan xalqının məişət və mədəniyyətinə aid bir neçə monoqrafiyanın və yüzdən artıq elmi məqalənin müəllifidir. 1998-ci ildə Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı və bilavasitə iştirakı ilə işıq üzü görən “Azərbaycanlılar” adlı ümumiləşdirici fundamental monoqrafiyanın baş redaktoru da A.Abbasov olmuşdur. AMEA-nın müxbir üzvü Arif Abbasov 2005-ci ildə Bakı şəhərində vəfat etmişdir. |
|
(1937-2005) |