Babayev Arif Əliheydər oğlu 1934-cü il noyabırın 11-də anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini riyaziyyat ixtisası üzrə bitirmişdır (1957).
1960-cı ildə fəlsəfə doktorluğu, 1966-cı ildə elmlər doktorluğu dissertasiyasını müdafiə etmişdir. 1976-cı ildə AEA-nın müxbir üzvü seçilmişdir. Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində müəllim, dosent, professor, kafedra müdiri, dekan (1979-1994) vəzifələrində çalışmışdır. A.Babayev qeyri-xətti sinqulyar inteqral tənliklərin həllinin varlığı və yeganəliyi haqqında bir sıra yeni teoremlər isbat etmiş, qeyri–hamar qapalı inteqrallama əyrisi üzrə sinqulyar inteqralı tədqiq etmiş, xətti və qeyri-xətti sinqulyar inteqral tənliklərə tətbiq etmişdir. Açıq əyri üzrə Koşi nüvəli sinqulyar inteqral operatorun tədqiqi üçün yeni üsul vermişdir ki, bu üsul əsasında qeyri-xətti sinqulyar inteqral tənliklərin lokal nəzəriyyəsi yaradılmışdır. Koşi tipli inteqral və qeyri-hamar qapalı düzləndirilə bilən əyri üzrə sinqulyar inteqral haqqında klassik Plemel-Privalov problemini həll etmişdir. Sinqulyar inteqralın və bu inteqralın təsir etdiyi fəzaların diskret analoqları, həmçinin bu anlayışların qeyri-xətti sinqulyar inteqral tənliklərin təqribi həllinə tətbiqləri verilmişdir. Bilavasitə iştirakı və rəhbərliyi altında qeyri-xətti sinqulyar inteqral tənliklərin lokal nəzəriyyəsi, bu tənliklərin təqribi həlli üsulları, oblast üzrə çoxölçülü sinqulyar inteqral operatorlar və tənliklərin lokal nəzəriyyəsi inkişaf etdirilmiş və funksional fəzaların daxilolma teoremlərinə və s. tətbiq edilmişdir. A.Babayevin rəhbərliyi altında 40-dan çox namizədlik və doktorluq dissertasiyası müdafiə edilmişdir. A.Babayev “Şərəf nişanı” ordeni (1976), Əməkdar elm xadimi (1992) fəxri adı ilə təltif olunmuşdur. AMEA-nın müxbir üzvü Arif Babayev 1998-ci ildə Bakıda vəfat etmişdir. |
|
(1934-1998) |