Bədəlov Rza Əbdül oğlu 1915-ci il sentyabırın 25-də Bakı şəhərində anadan olmuşdur.
1941-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. Texnika elmləri üzrə fəlsəfə doktoru (1953), texnika üzrə elmlər doktoru (1965) elmi dərəcəsini, professor (1966) elmi adını almış, 1968-ci ildə AEA-nın müxbir üzvü seçilmişdir. R.Bədəlov Əzizbəyovneft trestinin Mexaniki təmir zavodunda mühəndis-konstruktor, sex rəisi (1941-1944), ASİ-də aspirant, assisent, baş müəllim, dosent, professor, dekan müavini, dekan, nəzəri mexanika kafedrasının müdiri (1947-1968) olmuş, Azərbaycan Politexnik İnstitutunun rektoru və kafedra müdiri (1968-1976), ASİ Neftmədən mexanikası, maşın və mexanizmlər kafedrasının müdiri vəzifələrində çalışmışdır. R.Bədəlovun elmi fəaliyyəti mədən maşın və mexanizmlərinin nəzəriyyə və praktikasının tədqiqi, süxurdağıdıcı alətlərin formasının optimal parametrlərinin təyini və işçi elementlərinin yerləşdirilməsinə həsr olunmuşdur. Dağ süxurlarının dağılma mexanikası, neft və qaz quyularının qazılması texnikası və texnologiyasının təkmilləşdirilməsi sahəsində apardığı nəzəri və təcrübi tədqiqatlar mədən şəraitində meydana çıxan bir çox problemlərin həllinə imkan yaratmış, istehsalatda müvəffəqiyyətlə tətbiq olunmuşdur. R.Bədəlov 100-dən artıq elmi məqalə və monoqrafiyanın müəllifidir. R.Bədəlov “Qırmızı Əmək Bayrağı” ordeni, “Rəşadətli əməyə görə” medalı ilə təltif olunmuşdur. AMEA-nın müxbir üzvü Rza Bədəlov 1987-ci ildə Bakıda vəfat etmişdir. |
|
(1915-1987) |