Cavadov Mais Həbib oğlu 1929-cu il martın 22-də İsmayıllı rayonunun Basqal kəndində anadan olmuşdur. 1952-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir.
1958-ci ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1966-cı ildə fizika-riyaziyyat üzrə elmlər doktoru elmi dərəcələrini almışdır. 1989-cu ildə AEA-nın müxbir üzvü seçilmişdir. 1952-1969-cu illərdə AEA Fizika və Riyaziyyat İnstitutunda əyani aspirant, böyük elmi işçi, şöbə müdiri olmuş, 1969-1992-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda professor, kafedra müdiri vəzifəsində işləmişdir. M.Cavadov ilk dəfə adi diferensial operatorların məxsusi və qoşulmuş funksiyalarının bir hissəsinin tamlıq məsələsini həll etmişdir. Universal cəbr sahəsində kəsişməyə ayrılmayan yarımqrup çoxobrazlıların sintaktik təsvirini vermiş (Evans problemi), cəbri sistemlərin aksiomlaşdırılmış siniflərində üç növ qeyri-standart alt dekart təsvirləri üçün ayrılışlara aid klassik Birkhof teoreminin analoqunu almış, bütün yarımqrup çoxobrazlıların termal və polinominal ranqlarını tapmış, sonlu qrupoidlərin monounar primallaşması haqqında Knobel problemini həll etmişdir. İsbatlar nəzəriyyəsinin köməyilə biqapalı və simmetrik monoidal qapalı kateqoriyalarda kanonik morfizmlərin bərabərliyi üçün alqoritmlər vermiş, dekartqapalı və biqapalı kateqoriyalar üçün Makleyn mənada koherentlik teoremlərini, topoloji fəzaların və nizamlı çoxluqların morfizmlər cəbrləri ilə xarakterizə olunması haqqında Kolmoqorov-Qelfand tipli teoremləri isbat etmişdir. Kiçik parametrdən asılı cırlaşan biharmonik tənlik və ikitərtibli elliptik tənliklər üçün xüsusi oblastlarda sərhəd məsələlərinin həllərinin asimptotikasını tədqiq etmiş, öz-özünə qoşma olmayan cüt tərtibli adi törəməli diferensial operatorların məxsusi və qoşulmuş funksiyalar sinfinin yarısının tamlığını isbat etmişdir. Operatorlar dəstəsinin məxsusi və qoşulmuş elementlərinin çoxqat tamlığını, ümumi şəkildə verilmiş parabolik və hiperbolik tənliklər üçün qarışıq məsələnin ümumiləşmiş funksiyalar sinfində həll edilə bilməsini göstərmişdir. M.Cavadov 40-dan artıq elmi əsərin müəllifidir. 20-dən artıq fəlsəfə doktoru hazırlamışdır. 1982-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. AMEA-nın müxbir üzvü Mais Cavadov 1992-ci ildə Bakıda vəfat etmişdir. |
|
(1929-1992) |