Cavadov Maqsud Əlisimran oğlu 1902-ci il aprelin 13-də İsmayıllı rayonunun Basqal kəndində anadan olmuşdur. 1918-ci ildə Şəki Gimnaziyasını, 1927-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu, 1930-cu ildə ADU-nun Fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1940-cı ildə fəlsəfə doktoru, 1957-ci ildə elmlər doktoru dissertasiyasını müdafiə etmiş, 1959-cu ildə professor elmi adını almış, 1962-ci ildə AEA-nın müxbir üzvü seçilmişdir. 1938-ci ildən ömrünün sonunadək ADU-nun Həndəsə kafedrasının müdiri vəzifəsində (1938-1972) çalışmışdır. 1943-1944-cü illərdə Fizika-riyaziyyat fakültəsinin dekanı, 1944-1952-ci illərdə ADU-nun tədris işləri üzrə prorektoru olmuşdur.
Elmi fəaliyyəti cəbrlər üzərində qurulan fəzaların həndəsələri ilə əlaqədar olmuşdur. Bimetrik sistem nəzəriyyəsinin müxtəlif həndəsi məsələlərə tətbiqini və cəbrlər üzərində fəzalar qurulmasının nəzəriyyəsini vermiş, alternionlar cəbri, həqiqi, kompleks və ikiqat matrislər cəbrləri üzərində afin, proyektiv və qeyri-Evklid fəzalarını qurmus, bu fəzaların xüsusiyyətlərini müəyyən etmiş və həqiqi həndəsələrə tətbiq etmişdir. Riyaziyyatın tədrisi metodikasının bir elm kimi inkişafında, riyazi terminologiyanın yaranmasında və inkişafında böyük xidmətləri olmuşdur. M.Cavadov 21 elmi məqalənin və 10 kitabın müəllifidir. 1943-cü ildə respublikanın Əməkdar müəllimi, 1962-ci ildə isə respublikanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. “Lenin”, iki dəfə “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı“ ordenləri ilə təltif olunmuşdur. AMEA-nın müxbir üzvü Maqsud Cavadov 1972-ci ildə Bakıda vəfat etmişdir. |
|
(1902-1972) |