Cəfərov İsgəndər Həsən oğlu 1940-cı il dekabrın 30-da İmişli rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir (1962). Fəlsəfə doktoru (1966), elmlər doktoru (1979) elmi dərəcəsini, professor (1979) elmi adını almış, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir. Azərbaycan Politexnik İnstitutunda baş müəllim (1966-1969), AEA Fizika İnstitutunda böyük elmi işçi, laboratoriya müdiri (1969-1985), Naxçıvan Dövlət Pedaqoji İnstitutunda rektor (1985-1989), Azərbaycan Dövlət Pedaqoji İnstitutunda dekan (1989-1996), Nəzəri fizika kafedrasının müdiri (1996-2015) vəzifələrində çalışmışdır. İ.H.Cəfərov nəzəri fizika sahəsində mütəxəssis olmuş, tədqiqatları elementar zərrəciklər və onların qarşılıqlı təsiri nəzəriyyəsinə həsr olunmuşdur. Elementar zərrəciklərin zəif və vahid elektrozəif qarşılıqlı təsirlərinin bir sıra modelini irəli sürmüş, bu qarşılıqlı təsirlərlə şərtlənən çoxlu sayda prosesin ehtimal və effektiv kəsiklərini hesablamış, zərrəciklərin qarşılıqlı təsirlərinə çox həssas olan bir sıra effektlər tapmışdır. Dördkomponentli neytrino sxemi üzrə leptonların simmetriya qrupuna əsaslanan vahid elektrozəif qarşılıqlı təsiri nəzəriyyəsini yaratmışdır. Elektron və pozitron dəstələrinin toqquşması zamanı baş verən müxtəlif annihilyasiya proseslərinin effektiv kəsiklərini və müxtəlif xarakteristikalarını hesablayaraq, alınan ifadələri ətraflı tədqiq edərək, təbiətdə e–µ–τ – universallığının mümkün pozulmasının aydınlaşdırılması, Hiqqs bozonunun müşahidəsi, təbiətdə mövcud olan neytrino növlərinin sayının müəyyənləşdirilməsi, ulduzların şüalandırdığı neytrinoların miqdarının müəyyənləşdirilməsi yollarını göstərmiş və hər bir halın təcrübədə öyrənilməsi üçün konkret üsullar irəli sürmüşdür. İ.Cəfərov 173 elmi əsərin müəllifidir. Rəhbərliyi altında 6 fəlsəfə doktoru, 2 elmlər doktoru hazırlanmışdır. Əməkdar elm xadimi (2012) adına layiq görülmüşdür. AMEA-nın müxbir üzvü İsgəndər Cəfərov 2015-ci ildə Bakıda vəfat etmişdir. |
|
(1940-2015) |