E.Əlizadə 1957-ci il martın 4-də Ağdaş rayonunun Aralbir kəndində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Geologiya-coğrafiya fakültəsini bitirmişdir.
E.Əlizadə 1984-cü ildə coğrafiya üzrə fəlsəfə doktoru, 2004-cü ildə coğrafiya üzrə elmlər doktoru elmi dərəcələrini, 2014-cü ildə professor elmi adını almış, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir. E.Əlizadə təyinatla Azərbaycan EA-nın Coğrafiya İnstitutuna göndərilmiş, orada Aerokosmik metodların coğrafi tədqiqatlara tətbiqi laboratoriyasına işə qəbul olunmuş, kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri, 2012-ci ildən Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri vəzifələrində işləmişdir. 2013-cü ildən akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Yer elmləri ixtisasları üzrə Ekspert Şurasının üzvü olmuşdur. E.Əlizadə coğrafiya elminin bir çox sahələri üzrə apardığı tədqiqatlarda mühüm nailiyyətlər qazanmışdır. Onun elmi fəaliyyətinin əsas istiqamətini Azərbaycanın dağlıq ərazilərinin morfostruktur quruluşunun kosmik materialların deşifrələnmə materiallarının tətbiqi ilə tədqiqi, kosmik şəkillərin struktur-geomorfoloji deşifrələnmə metodlarının işlənilməsi, geomorfoloji risklərin qiymətləndirilməsi, geodinamik-gərgin ərazilərin öyrənilməsi, Böyük və Kiçik Qafqaz dağları geosistemlərinin ekogeomorfoloji tədqiqi, müasir dağ ekegeokomplekslərinin formalaşmasına kompleks endo-ekzodinamik amillərin təsir dərəcələrinin müəyyən edilməsi, landşaft-ekoloji şəraitin tədqiqi, ölkə ərazisinin iri miqyaslı landşaft- geomorfoloji xəritələşdirilməsi, dağlıq ərazilərin landşaftlarının diferensiasiya və transformasiyasının öyrənilməsi, Xəzər dənizi sahil geokomplekslərinin müasir qlobal iqlim dəyişiklikləri şəraitində səhralaşma prosesinə məruzqalma xüsusiyyətlərinin araşdırılması təşkil etmişdir. E.Əlizadə 190-dan artıq elmi və elmi-pedaqoji əsərin, o cümlədən 2 monoqrafiya, 2 kitab, 120 məqalə, 2 dərslik, 3 dərs vəsaiti, bir neçə xəritə və 60-dan artıq elmi-metodiki vəsaitin müəllifidir. 50-dən çox əsəri xaricdə, nüfuzlu elmi jurnallarda çap olunmuşdur. Tez-tez çoxsaylı beynəlxalq konfrans, simpozium və konqreslərdə məruzələrlə çıxış etmişdir. Bir neçə beynəlxalq və respublika qrant layihələrinin qalibi və iştirakçısı olmuşdur. E.Əlizadə YUNESKO-nun nəzdində Rusiya Federasiyasının Vladiqafqaz şəhərində fəaliyyət göstərən Dağların tarazlı inkişafı elmi mərkəzinin Müşahidəçilər Şurasının üzvü olmuşdur. E.Əlizadənin rəhbərliyi ilə 5 nəfər coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almış, 5 fəlsəfə doktorantının və 3 elmlər doktoru hazırlığı üzrə dissertantın elmi rəhbəri və məsləhətçisi olmuşdur. BDU-nun Coğrafiya fakültəsində ixtisas fənləri üzrə muhazirələr oxumuşdur. E.Əlizadə AMEA Yer Elmləri Bölməsinin “Xəbərlər” və Qazaxıstanda nəşr olunan “Coğrafiyanın və geoekologiyanın aktual problemləri” jurnallarının redaksiya heyətinin üzvü, Azərbaycan Coğrafiya Cəmiyyətinin vitse-prezidenti, AMEA-nın nəzdində fəaliyyət göstərən Respublika Yer Elmləri Problemləri üzrə Əlaqələndirmə Şurasının sədr müavini, TQDK nəzdində Coğrafiya üzrə Elmi Seminarın və Ekspert Şurasının sədri, Təhsil Nazirliyinin Coğrafiya üzrə Elmi Metodik Şurasının sədr müavini, AMEA Elmi Nəşriyyat Şurasının Yer Elmləri seksiyasının üzvü olmuşdur.E.Əlizadə 29 dekabr 2016-cı ildə Bakı şəhərində vəfat etmişdir. |
|
(1957-2016) |