Əzimov Böyükağa Əliqulu oğlu 1924-cü il yanvarın 16-da Bakı şəhərində anadan olmuşdur. 1944-cü ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlən Neft və Sənaye Universiteti) və 1947-ci ildə Azərbaycan Qiyabi Pedaqoji İnstitutunu bitirmişdir. 1950-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1963-cü ildə texnika üzrə elmlər doktoru elmi dərəcələrini, 1964-cü ildə professor elmi adını almış, 1967-ci ildə AEA-nın müxbir üzvü seçilmişdir. B.Əzimov Azərbaycan Elmi Tədqiqat Neft-Layihə İnstitutunda mühəndis, aspirant, baş mühəndis, sektor müdiri, laboratoriya müdiri, direktor müavini (1944-1957), hesablama texnikası və AİS söbəsinin müdiri (1957-1986) olmuş, Azərbaycan SSR Nazirlər Sovetində Komitə Sədrinin müavini, Komitə Sədri, Elm, texnika və təhsil müəssisələri şöbəsinin müdiri (1957-1972), FRTEB akademik-katibinin müavini (1976-1986) vəzifələrində çalışmışdır. B.Əzimovun tədqiqatları əsasən idarəetmənin avtomatlaşdırılmasına həsr olunmuşdur. O, respublikada neft kibernetikası sahəsində elmi istiqamətin əsasını qoymuşdur. İlk dəfə olaraq ştanqlı nasosların işinin etibarlılığının tədqiqinin avtomatlaşdırılması ilə əlaqədar kompleks məsələləri həll etmiş, ştanqlı nasosların idarəedilməsinin optimallaşdırılması sistemini yaratmış və AİS-neftçıxarma sisteminə daxil etmişdir. Rəhbərliyi altında və iştirakı ilə istismar quyularının işinin müxtəlif rejimləində neft-su təmasının hərəkətinin idarəedilməsinin optimallaşdırılması məsələlərinin həllinə xətti, qeyri-xətti, parametrik proqramlaşdırmanın tətbiqi, qeyri-müəyyənlik şəraitində qazkondensat yataqlarının işlənilməsi prosesinin optimallaşdırılmasına imkan verən variasiya məsələləri həll edilmişdir. Neftçıxarmanın intensivləşdirilməsi üçün neft layına istilikdaşıyıcıların fasiləsiz vurulması, quyularıın laydibi zonalarının qızdırılması və s. texnoloji üsulların tətbiqi zamanı əsas texnoloji göstəricilərin təyin edilməsinin riyazi modeli qurulmuş, həll alqoritmi və proqram təminatı tərtib edilmişdir. AİS-də coxsahəli tədqiqatları, о cümlədən avtomatlaşdırılmış informasiya sistemlərində riyazi və informasiya təminatı, optimallaşdırma, sistemli proqramlaşdırma və s. nəticəsində, neft sənayesində idarəetmənin avtomatlaşdırılmasının nəzəriyyə və praktikası üçün mühüm əhəmiyyətli məsələləri həll etmişdir. B.Əzimov 300-dən artıq elmi məqalənin, 27 monoqrafiyanın müəllifidir. “Şərəf nişanı” ordeni ilə təltif olunmuş, “SSRİ neftçıxarma sənayesi əlaçısı” adına layiq görülmüşdür. AMEA-nın müxbir üzvü Böyükağa Əzimov 1986-cı ildə Bakı şəhərində vəfat etmişdir. |
|
(1924-1986) |