Feyzullayev Nicat Ağa-Zəki oğlu 1932-ci il yanvarın 22-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsində təhsil almışdır (1950-1955). N.A.Feyzullayev fəlsəfə (1962) və elmlər doktorluğu (1983) dissertasiyalarını müdafiə etmiş, professor (1996) elmi adına layiq görülmüşdür. Azərbaycan MEA-nın müxbir üzvü (2001) seçilmişdir. 1956-cı ildə AMEA-nın Zoologiya İnstitutunda əmək fəaliyyətinə başlamış, əvvəlcə baş laborant (1956-1964), sonra isə baş elmi işçi (1964-1974) işləmiş və 1974-cü ildən ömrünün sonuna qədər Helmintlərin sistematikası və biologiyası laboratoriyasının müdiri vəzifəsində (1974-2001) çalışmışdır. Azərbaycanda quşların, balıq və molyuskların parazitlərinin tədqiqatçılarından biri olmuşdur. O, Bolqarıstan Elmlər Akademiyasının, Rusiya Elmlər Akademiyasının Helmintologiya laboratoriyası, Moldaviya və Ukraynanın Fiziologiya və Zoologiya institutlarının birgə əməkdaşlığı sayəsində, Sovet-Bolqar tədqiqatları çərçivəsində “Qara və Xəzər dənizlərinin sahil rayonlarının quş helmintlərinin ekoloji-faunistik öyrənilməsi” proqramında iştirak etmişdir. N.A.Feyzullayev bəzi nematod qrupları, həmçinin başqa parazit orqanizmləri tədqiq edərək yeni parazitoloji anlayış – “mezoparazit” vermiş və onun genezisini izah etmişdir. O, adaptasiya dövründə trematodlarda diribaladoğmanı yaradan faktorları müəyyən etmişdir. Axırıncı sahibin bədənindəki Cycloceloidea metaserkarisinin miqrasiyasını aşkar etmiş, partenit trematodların birgə qidalanma şəraitində növlərarası antoqonizmin səbəblərini ortaya çıxarmışdır. Partenitlərin inkişaf müddətindən, döllülüyündən asılılığı və trematodunun divergensiyası müxtəlif aralıq sahiblərinin yığını təsiri altında Cathaemasia hians- ın divergensiyasını müəyyən etmişdir. N.A.Feyzullayev (1971) mövcud olan “ektoparazit” və “endoparazit” anlayışlarına yeni – “mezoparazit” anlayışını əlavə etmişdir. Mezoparazitlər ektoparazit və endoparazitlər arasında aralıq mövqe tutur. Onlar bədən boşluğunda yerləşir. Mezoparazitlər ektoparazit və endoparazit orqanizmlərdən 2 mühitin arasında – sahibin orqanizmi və ətraf mühitlə əlaqəsinə görə fərqlənir. “Mezoparazit” termini ixtisasçılar tərəfindən rəğbətlə qəbul olunmuşdur. Onun işlərinə ABŞ, Braziliya, Kanada, Fransa, Almaniya, İspaniya, İtaliya, Böyük Britaniya, Polşa, Bolqariya, Çexiya, Macarıstan, Avstraliya, İsrail, Nigeriya kimi ölkələrdən göndərişlər gəlmiş, yaxın və uzaq xarici ölkələrin biologiya fakültələrinin və tibb universitetlərinin mühazirələrində onun tərəfindən nəzəri cəhətdən işlənib hazırlanmış əsərlər istifadə olunmuşdur. N.A.Feyzullayev 140 elmi əsərin müəllifi və həmmüəllifidir. Onlardan 52-si xaricdə nəşr olunmuşdur. O, Bakı, Tiflis və Moskva şəhərlərində nəşr olunan 5 monoqrafiyanın həmmüəllifidir. “Azərbaycanın heyvanlar aləmi” 3 cildliyinin müəlliflərindən biri olmuşdur. Alimin elmi rəhbərliyi altında 10 fəlsəfə doktorluğu dissertasiyası müdafiə olunmuşdur. O, SSRİ EA-nın “Akademik Y.N.Pavlovski” və “Akademik K.İ.Skryabin” fəxri medalları ilə təltif olunmuşdur. AMEA-nın müxbir üzvü Nicat Ağa-Zəki oğlu Feyzullayev 20 iyul 2001-ci ildə vəfat etmişdir |
|
(1932- 2001) |