Həsənov Əbdüləhəd Səftər oğlu 1900-cü il oktyabrın 20-də Şamaxı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsini bitirmişdir (1927). Ə.Həsənov fəlsəfə (1936) və elmlər doktorluğu (1937) dissertasiyalarını müdafiə etmiş, professor elmi adına layiq görülmüşdür (1939). Azərbaycan SSR Elmlər Akademiyasınınmüxbir üzvü (1962) seçilmişdir. Ə.Həsənov Tibb fakültəsini fakültənin Patologiya və terapiya kafedrasının ordinatoru vəzifəsində saxlanılmış (1927-1937), 1933-cü ildə elmi işini başa çatdırmaq üçün Moskva şəhərinə ezam olunmuşdur. Sonralar Azərbaycan Dövlət Tibb İnstitutunun bioloji kimya kafedrasının müdiri (1937-1972), həmçinin Azərbaycan Əczaçılıq İnstitutu direktorunun elmi işlər və tədris işləri üzrə müavini (1938-41), Azərbaycan Dövlət Tibb Institutunda elmi və tədris işləri üzrə direktor müavini vəzifələrində çalışmışdır. Ə.Həsənovun bioloji kimya üzrə elmi fəaliyyətinin əsas istiqamətini maddələr mübadiləsinin aralıq məhsullarının hidrogen peroksid vasitəsilə oksidləşməsi, oksihemoqlobinin katalitik təsiri, toxuma proteazalarının təsiri şəraitində gedən proteoliz problemləri, “Karatonaftalan” preparatının təsir mexanizminin işlənib hazırlanması və təcrübəyə tətbiqi təşkil etmişdir. Belə ki, ilk dəfə olaraq Ə.Həsənovun təklif etdiyi Naftalan nefti ilə karotinin qarışığından hazırlanan “Karatonaftalan” preparatı 1941-1945-ci illər Böyük Vətən müharibəsində irinli yaraların müalicəsində geniş tətbiq olunmuş və effektli nəticələr əldə edilmişdir. Ə.Həsənov 200-dən artıq çap edilmiş elmi əsərin, orijinal dərslik və dərs vəsaitlərinin müəllifi, o cümlədən 1933-cü ildə ilk dəfə türk (Azərbaycan) dilində çap olunan “Bioloji kimya” dərsliyinin həmmüəllifi olmuşdur. Ə.Həsənovun digər müəlliflərlə birlikdə yazdığı fundamental “Bioloji kimya” dərsliyi onun vəfatından sonra 1974 və 1989-cu illərdə yenidən çap edilmişdir. Bu orijinal dərslik hazırda da öz aktuallığını saxlayır və ondan istifadə olunur. Ə.Həsənov çox sayda ümumittifaq və respublika miqyaslı qurultay, konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış etmişdir. Onun məsləhətçiliyi və rəhbərliyi altında 12 elmlər doktoru, 42 fəlsəfə doktoru dissertasiyası müdafiə edilmişdir. Ə.Həsənov Azərbaycan Biokimyaçılar Cəmiyyətinin sədri (1959-1972), SSRİ Elmlər Akademiyası nəzdində çap olunan «Biokimya» jurnalının redaksiya şurasının, «Azərbaycan Tibb jurnalı»nın redaksiya heyətinin üzvü, Moskvada nəşr olunan SSRİ Böyük Tibb Ensiklopediyasının kimya üzrə redaksiya heyətinin üzvü, SSRI Ali Attestasiya Komissiyasının eksperti, Bakı şəhər Sovetinin deputatı (1963-1965) olmuşdur. Ə.Həsənov Azərbaycanın Əməkdar həkimi (1942), Əməkdar elm xadimi (1943) fəxri adlarına, «Şərəf nişanı» və «Lenin» ordenlərinə, «Qafqazın müdafiəsinə görə» medalına, başqa medal və Fəxri fərmanlara layiq görülmüşdür. AMEA-nın müxbir üzvü Əbdüləhəd Həsənov 1972-ci ildə Bakıda vəfat etmişdir. |
|
(1900-1972) |