Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Zülfəli İmaməli oğlu İbrahimov 1910-cu il dekabrın 25-də anadan olmuşdur. 1932-ci ildə Moskva Ümumittifaq Jurnalistlər İnstitutuna göndərilmiş və 1935-ci ildə həmin institutu bitirdikdən sonra Bakıya qayıtmışdır. Z.İbrahimov 1941-ci ildə fəlsəfə doktoru, 1948-ci ildə elmlər doktoru, 1950-ci ildə isə professor elmi adı almışdır. Z.İbrahimov 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Z.İbrahimov 1960-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun direktoru vəzifəsində işləmişdir. Z.İbrahimov 300-ə qədər monoqrafiya və elmi məqalələrin müəllifidir. O, elmi fəaliyyətinin ilk dövrünü Azərbaycan xalqının tarixi keçmişinin mühüm problemlərinin tədqiqinə həsr etmişdir. Elmi fəaliyyətinin sonrakı mərhələsində isə «İngilis-amerikan müdaxiləçilərinə qarşı Azərbaycan xalqının mübarizəsi», «Azərbaycanda 1905-1907-ci illər inqilabı», «Azərbaycan zəhmətkeşlərinin sosialist inqilabı uğrunda mübarizəsi» və s. əsərlərini nəşr etdirmişdir. Z.İbrahimov uzun illər Azərbaycan Dövlət Universitetində Vətən tarixindən ümumi və xüsusi kurslar aparmışdır. Onun rəhbərliyi ilə 80-ə qədər namizədlik və doktorluq dissertasiyaları müdafiə edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Z.İbrahimov «Oktyabr inqilabı», «Şərəf nişanı» ordenləri, bir çox medal və fəxri fərmanlarla təltif olunmuş, Azərbaycan SSR Dövlət Mükafatı laureatı və Əməkdar elm xadimi fəxri adlarına layiq görülmüşdür. AMEA-nın müxbir üzvü Zülfəli İbrahimov 1972-ci ildə Bakıda vəfat etmişdir. |
|
(1910-1972)
|