İsgəndərov Bala Ağa Hüseyn oğlu 1936-cı il dekabrın 21-də Bakı şəhərində anadan olmuşdur.1961-ci ildə Moskva Dövlət Universitetini bitirmişdir.1967-ci ildə riyaziyyat üzrə fəlsəfə doktoru, 1994-cü ildə riyaziyyat üzrə elmlər doktoru alimlik dərəcələrini, 1996-cı ildə professor elmi adını almış, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
1964-2012-ci illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, Diferensial tənliklər şöbəsinin müdiri olmuşdur. B.İsgəndərov Petrovskiyə görə korrekt tənliklər və sistem tənliklər üçün Koşi məsələsinin həllinin azalması üçün kafi şərt vermiş və məsələnin həllinin azalma sürətini fəza dəyişənlərinin ölçüsündən asılı olaraq təyin etmişdir. Silindrik oblastlarda elliptik tənliklər üçün şüalanma prinsiplərini tədqiq etmiş və hiperbolik tənliklər nəzəriyyəsində məlum olmayan iki yeni effekti müəyyən etmişdir: silindrik oblastlarda tənliyin tərtibi silindrin uzununa ölçüsündən böyük olduqda rezonans hadisəsinin aşkar edilməsi və bu halda hiperbolik tənlik üçün qoyulmuşqarışıq məsələnin həllinin zamanın böyük qiymətlərində artma sürətinin tapılması; rezonans olmayan hallarda hiperbolik tənlik üçün qoyulmuş qarışıq məsələ üçün limit amplitudu prinsipinin doğru olduğunun göstərilməsi və qeyri-stasionar məsələnin həllinin stasionar məsələnin həllinə yaxınlaşma sürətinin təyin edilməsi. Alınmış nəticələr dəyişən əmsallı tənliklər üçün də isbat edilmişdir. Sobolev tipli müxtəlif tənliklər üçün Koşi məsələsi, sonsuz silindrik və məhdud oblastlarda qarışıq məsələlərin həllinin varlığı, yeganəliyi və bu məsələlərin həllinin zamanın böyük qiymətlərində asimptotikası haqqında mühüm elmi nəticələr almışdır. B.İskəndərov 70-dən çox elmi məqalənin və 1 monoqrafiyanın müəllifidir. Rəhbərliyi altında 13 elmlər namizədi müdafiə etmişdir.Azərbaycan Riyaziyyat Cəmiyyətinin üzvü olmuşdur. AMEA-nın müxbir üzvü Bala İsgəndərov 2012-ci ildə Bakıda vəfat etmişdir. |
|
(1936-2012)
|