Kərimov İsa Gülməmməd oğlu 1919-cü il sentyabrın 25-də Gürcüstan Respublikasının Soğanlıq kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuş, 1941-1945-ci illərdə müharibədə iştirak etmiş, müharibədən sonra təhsilini davam etdirərək ADU-nun Kimya fakültəsini bitirmişdir (1946). İ.Kərimov 1946-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinin aspiranturasına daxil olmuş, 1951-ci ildə kimya üzrə fəlsəfə doktoru, 1971-cı ildə kimya üzrə elmlər doktoru, 1974-ci ildə isə professor elmi adını almış, 1980-ci ildə AEA-nın müxbir üzvü seçilmişdir. İ.Kərimov əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunda başlayaraq kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya rəhbəri və elmi işlər üzrə direktor müavini vəzifələrində işləmişdir. İ.Kərimov Azərbaycanda kimyəvi fizikanın mühüm istiqaməti olan aşağı temperaturlar kimyasının (kriokimya) banisidir, kriogen mərkəzinin yaradılmasında böyük əməyi olmuşdur. Alimin rəhbərliyi altında 1966-cı ildə respublikada ilk dəfə olaraq Fizika İnstitutunun Kriogen korpusunda maye azot və helium alınmışdır, aşağı temperaturda bir sıra yarımkeçirici materialların kimyəvi, maqnitoelektrik xassələrinin diamaqnit nüfuzluğu hissəsinin və kvant-mexaniki hesablanmaları əsasında maqnit yarımkeçiricilərdə kimyəvi əlaqənin təbiətinin hərtərəfli tədqiqi aparılmışdır. Materialların (CuS 1 CuFCS 2 ) xassələrinin tədqiqi nəticəsində ilk dəfə olaraq təbəqə nümunələrinin ifrat keçiricilik halına keçməsinin, temperatur artmasının qanunauyğunları müəyyənləşdirilmişdir. Bakı neft-maşınqayırma zavodlarından birində 50 000 ersted sahə yarada bilən nəhəng maqnit yığdırıldı. Bu böyük elmi təşkilatçılıq işlərinin nəticəsində çox keçmədi ki, maye helium və hidrogen alınaraq aşağı temperaturlarda nadir, incə fizika təcrübələri aparılmağa başlandı. İ.Kərimov 142 əsərin müəllifidir. Əsərlərinin əksəriyyəti indeksli xarici jurnallarda çap olunmuşdur. O, Beynəlxalq konfranslarda və simpoziumlarda dəfələrlə məruzə ilə çıxış etmişdir. İ.Kərimov SSRİ Elmlər Akademiyasının “Aşağı temperaturlar fizikası” problem şurasının və İnstitutun ixtisaslaşdırılmış Müdafiə şurasının üzvü olmuşdur. 1941-1945-ci illərdə müharibədə iştirak etdiyinə, elm və texnikanın inkişafındakı nailiyyətlərinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, Qırmızı Ulduz ordeni, Oktyabr İnqilabı ordeni ilə təltif olunmuşdur. AMEA-nın müxbir üzvü İsa Kərimov 1983-cü ildə Bakıda vəfat etmişdir. |
|
(1919-1983) |