Qarayeva Ninel İsrafil qızı 1932-ci il mayın 25-də Bakı şəhərində anadan olmuşdur. Moskva Dövlət Universitetinin Biologiya fakültəsini bitirmişdir (1955). N.İ.Qarayeva fəlsəfə doktorluğu (1961) (Xarkov Dövlət Universiteti), elmlər doktorluğu (1975) (SSRİ EA V.L.Komarov adına Botanika İnstitutu) dissertasiyalarını müdafiə etmiş və AMEA-nın müxbir üzvü (2001) seçilmişdir. O, Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda baş laborant (1956-1957), Azərbaycan SSR EA Botanika İnstituunda kiçik elmi işçi (1960-1965), böyük elmi işçi (1965-1986), aparıcı elmi işçi (1986-1989) kimi fəaliyyət göstərmişdir. 1989-cu ildə Alqologiya və lixenobriologiya laboratoriyasının müdiri seçilmişdir. N.İ.Qarayevanın əsas elmi fəaliyyət istiqamətləri Xəzər dənizinin və Azərbaycan Respublikasının su hövzələrinin diatom yosunlarının növ tərkibi, morfologiyası (o cümlədən ultrastrukturu), yayılması və ekologiyasının öyrənilməsi olmuşdir. N.İ.Qarayeva uzun illər ərzində Xəzər dənizinin Azərbaycan hissəsinin alqoflorasını ətraflı tədqiq etmişdir. Xəzər dənizinin bentosunda diatom yosunların elm üçün yeni 4 növünü ( Navicula orientata Kar., N. obtusata Kar., N.bella Kar., N.intricata Kar.) və 3 növdaxili taksonunu (Achnanthes brevipes Ag.var. intermedia (Kütz.) Cl.f.rostrata Kar., Amphora holsatica var. tenera Kar., Nitzschia sigmaformis Hust. Var. socialis Kar.) təsvir etmişdir. Onun tərəfindən diatomların yosunların Navicula cinsinə aid Lyratae seksiyasının bir qrup növü müstəqil Lyrella Kar. cinsinə ayırd edilmişdir və ilk dəfə olaraq diatom yosunların 70 növü və növdaxili taksonu skan elektron mikroskopu (SEM) vasitəsilə tədqiq edilmişdir. O, diqqətini xüsusilə diatomların tikişinə yönəldirdi ki, bu morfoloji strukturun mövcudluğu və quruluşu Bacillariophyta şöbəsinin filogenetik sisteminin əsasını təşkil etmişdir. N.İ.Qarayevanın SEM vasitəsilə aldığı məlumatlar yalnız Xəzər florasının miqyası ilə məhdudlaşmır, diatom yosunların bəzi növləri və cinsləri üçün taksonomik kriterilərin dairəsini genişləndirmək imkanı verir və bütün Bacillariophyta şöbəsinin sistematikası üçün əhəmiyyət kəsb edir. O, ilk dəfə olaraq Xəzər dənizində çox nadir birhüceyrəli diatom yosunlarının bir cinsi − Biremis (Giffen) Mann və bir neçə növünü aşkar etmişdir. Alim tərəfindən Xəzər dənizində çirklənmə ilə əlaqədar yosunların taksonomik qruplarının yayılması qanunauyğunluqları müəyyənləşdirilmiş, neftlə və munisipal çirklənmə şəraitlərində yosun birləşmələrinin tərkibində fərqlər olduğu qeydə alınmışdır. Sumqayıt və Bakı şəhərlərinin Xəzər sahili boyunca demutasion (bərpa) bitkilik müəyyən edilmişdir. N.İ.Qarayeva əksəriyyəti xarici ölkələrdə dərc olunmuş 115 elmi əsərin və 1 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 7 fəlsəfə doktoru hazırlanmışdır. O, diatom yosunlarının ultrastrukturu üzrə Beynəlxalq Terminologiya Komitəsinin, 1997-2002-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Biologiya elmləri üzrə Ekspert Şurasının, AMEA Botanika İnstitutunun Elmi Şurasının, AMEA Botanika İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının, “AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri)” jurnalının redaksiya heyətinin üzvü olmuşdur. N.İ.Qarayeva “Əməkdə fərqlənmə” medalına, “Sosialist yarışı əlaçısı” nişanına layiq görülmüşdür. 2005-ci ildə Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif edilmişdir. Ninel Qarayeva 4 aprel 2017-ci ildə 84 yaşında Bakı şəhərində dünyasını dəyişmişdir. |
|
(1932-2017) |