Qasımov Əbdül Hüseynəli oğlu 1929-cu il martın 5-də Lənkəran rayonu Kənarmeşə kəndində anadan olmuşdur. 1946-cı ildə Xolmili kənd orta məktəbini, 1950-ci ildə isəAzərbaycan Pedaqoji İnstitutunu bitirmişdir. Zoologiya üzrə fəlsəfə (1954) və elmlər doktorluğu (1963) dissertasiyalarını müdafiə etmiş, Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir (1980). 1954-cü ildən ömrünün sonuna qədər (2005) Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunda Hidrobiologiya laboratoriyasının elmi işçisi, böyük elmi işçisi, müdiri (1961 – 2005), Xəzər Bioloji Stansiyasının direktoru (1974-2005) vəzifələrində çalışmışdır. Ə.Qasımovun əsas tədqiqatları Azərbaycanın şirin su hövzələrində və Xəzərin Azərbaycan sektorunda yayılmış onurğasız heyvanların növ və miqdar tərkibinin araşdırılmasına və su tutarlarının balıqçılıqda istifadəsinə həsr olunmuşdur. Onun A.R.Əliyevlə birlikdə işləyib hazırladıqları “Bioloji tövsiyələr” üzrə təkliflərə əsasən hazırda da Respublikamızın göl və su anbarlarına bitkilərlə qidalanan balıqlar buraxılır. Ə.Qasımovun rəhbərliyi (1959) və bilavasitə iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunun bioloji rejimi əsaslı tədqiq olunmuşdur. O həmçinin elmi tədqiqat “Elm” gəmisi ilə Sakit və Hind okeanlarının və eləcə də Aralıq dənizinin bioloji rejimini tədqiq etmişdir. Ekspedisiyadan topladığı materiallar əsasında 1987-ci ildə “Sakit və Hind okeanlarının həyatı” adlı kitab nəşr etdirmişdir. Ə.H.Qasımov Azərbaycan SSR EA Biologiya Elmləri Bölməsinin Birləşmiş Dissertasiya Müdafiəsi Şurasının, Zoologiya İnstitutunun Elmi Şurasının, Ümumittifaq Hidrobioloqlar Cəmiyyətinin, Azərbaycan Hidrobioloqlar Cəmiyyətinin sədri, “Azərbaycan EA-nın xəbərləri”, “Azərbaycan təbiəti” jurnallarının, ASE-nin redaksiya heyətinin üzvü, “İnsan və Biosfer” proqramı üzrə Respublika komitəsi sədrinin müavini, SSRİ EA-nın “Su hövzələrinin bioloji ehtiyatları, onlardan səmərəli istifadə edilməsi və mühafizəsi” üzrə Elmi şurasının, Heyvanlar Aləminin Bərpası və Mühafizəsi üzrə Koordinasiya Şurasının, Xəzər Dənizinin kompleks öyrənilıməsi problemi üzrə Koordinasiya Şurasının üzvü, SSRİ Balıq Təsərrüfatı Nazirliyinin İxtiologiya komissiyasının üzvü olmuşdur. O, “BP Azerbaijan” Neft Şirkətində Ekologiya üzrə müstəqil ekspert kimi də fəaliyyət göstərmişdir. Ə.H.Qasımov 362 elmi əsərin müəllifi və həmmüəllifi olmuşdur. Bu əsərlərin 21-i monoqrafiya, 16-sı isə elmi-kütləvi kitablardır. O, Azərbaycan hidrobiologiya elmini xarici ölkələrdə dəfələrlə təmsil etmiş, Polşa, ABŞ, Yaponiya, Yunanıstan və b. ölkələrdə keçirilən Beynəlxalq elmi toplantılarda məruzələrlə çıxış etmişdir. Ə.H.Qasımovun rəhbərliyi ilə 5 elmlər və 22 fəlsəfə doktorluğu dissertasiyası müdafiə olunmuşdur. O, Əməkdar Elm xadimi fəxri adına layiq görülmüşdür (1990). AMEA-nın müxbir üzvü Əbdül Qasımov 2005-ci il yanvarın 31-də Bakıda vəfat etmişdir. |
|
(1929-2005) |